1 dekabr 2013 14:10
Saşa Yunisoğlunun komandası şokda: 1 azarkeş öldürüldü
Milli komandamızın müdafiəçisi Saşa Yunisoğlunun şərəfini qoruduğu Türkiyənin "Dənizlispor" klubunun PTT 1-ci Liqanın son turunda səfərdə "Tavşanlı Linyitspor" üzərində 2:1 hesablı qələbəyə sevindiyini xəbər vermişdik. Lakin azerisport.az xəbər verir ki, oyundan sonra baş verənlər həmyerlimizin komandasındakı bayram ab-havasını korlayıb.
Belə ki, bu matçdan qayıdan "Dənizlispor" azarkeşləri arasında çıxan davada 1 nəfər ölüb, 9 nəfər yaralanıb. Özü də maraqlıdı ki, dava "xoruzların" iki azarkeş qrupu arasında "Atatürk" stadionu yaxınlığında baş verib. Mübahisənin davaya çevrilməsi nəticəsində tüfəngdən açılan atəş zamanı biri ağır olmaqla, 10 nəfər yaralanıb. Azarkeşlər qarşılaşmanın gedişatında da bir-biriylə mübahisə edirmiş.
Dənizli Dövlət Xəstəxanasına aparılan yaralılardan Fateh Əroğlu dünyasını dəyişib. Dənizli Polis İdarəsinin müavini Məhmət Kocatürk hadisə ilə bağlı açıqlama verib: "Hadisədə iştirak edən 11 nəfər polis bölməsinə aparılıb. Tərəfimizdən istintaq aparılır".
