30 noyabr 2013 00:49
Mbilla AZAL-la oyunu buraxa bilər
Topaz Premyer Liqasının 15-ci turunda AZAL klubunu doğma arenada qəbul edəcək “Xəzər Lənkəran” noyabrın 29-da oyunöncəsi son məşqini keçirib. Azerisport.az xəbər verir ki, saat 16:00-da stadionun əsas meydançasında hazırlığa başlayan komanda bir saat ərzində intensiv şəkildə çalışıb.
Məşqi “Xəzər Lənkəran” klubunun bütün rəsmiləri birgə izləyiblər.
Qeyd edək ki, son günlər Covanni Melkiorenin rəhbərliyində keçirilən ağır məşqlər komandaya təsirsiz ötməyib. Belə ki, oyunöncəsi son məşqdə futbolçuların yorğunluğu aşkar sezilb. Bundan əlavə komandanın aparıcı futbolçularından olan Etame Mbilla hazırlıq prossesinin sonuna yaxın əzələsini dartaraq zədələnib və məşqi yarımçıq saxlamalı olub. Son məlumata görə, kamerunlu futbolçunun AZAL-la oyunda iştirak edə bilməsi üçün komandanın həkimi və köməkçiləri əllərindən gələni əsirgəməyəcəklər. (12-ci oyunçu)
