30 noyabr 2013 13:30
Mustafa Dənizli: Xəzər Lənkəranda görüləcək işimiz çoxdu
Hazırda Türkiyədə olan "Xəzər Lənkəran" klubunun baş məşqçi postuna namizəd Mustafa Dənizli azerisport.az saytına müsahibəsində AZAL ilə oyundan, müqavilədən, klubun sahibi Mübariz Mənsimovla baş tutmalı olan görüşdən danışıb.
- Mustafa bəy, nə vaxt sizi yenidən Azərbaycanda görəcəyik?
- Türkiyədə həll olunmayan bəzi məsələlər var. İnşallah, onları həll edib qayıtmalıyam. Bir qədər uzandığı üçün ola bilər gələn həftə baş tutsun.
- Onda komandanın AZAL ilə görüşünü izləyə bilməyəcəksiz?
- Təəssüf ki, yox. Əslində 2-3 günə qayıtmaq fikrimiz var idi. Sadəcə, alınmadı. Müəyyən işlər həll olunandan sonra biz rəsmi açıqlama verəcəyik. İndi gələcək işlər barədə danışmaq düzgün olmaz. Çempionatda növbəti matçı izləməyi çox istərdim.
- Müqavilə məsələləri həll olunub, yoxsa....
- Bütün detallar müzakirə olunub. Hər iki tərəfin razılığı var. Sadəcə kiçik detallar qalıb. Rəhbərliyə razılığımı vermişəm. Güman ki, həftəsonu hər şey həll olunacaq.
- Komandanın sahibi Mübariz Mənsimovla yenidən görüşünüz olacaqmı?
- Şənbə günü (bu gün) görüşümüz olmalıdı. Ondan sonra hər bir detal həll olunacaq. Müqavilədəki detallar hər iki tərəfə məlumdu. Sadəcə, hələlik anlaşma rəsmiləşməyib. Yəqin, bütün bu işlər gələn həftə olar.
- Bu müddətdə komanda haqda yeni məlumat toplamaq imkanınız oldumu?
- "Xəzər Lənkəran"ın bəzi oyunlarının videoyazısını izlədim. İnternetdə müəyyən məlumatlar topladım. Həm oyun, həm futbolçular barədə kiçik də olsa, informasiya topladım.
- Əksəriyyət düşünür ki, sizin işiniz orada çətin olacaq...
- Asan iş olmur. Komandada bizi ciddi işlər gözləyir. İşləmək istəyən insan hər bir yerdə işləyə bilər. Müəyyən vaxt lazımdı ki, informasiyam dolğun olsun. İstədiklərimiz çoxdu, onları reallaşdırmaq üçün zəhmət və vaxt lazımdı. İndidən bu barədə danışmaq düzgün olmaz. Qayıdanda Bakıda bu barədə danışarıq.
- Türkiyədə sizin Azərbaycana gəlişinizə reaksiya necə oldu?
- Onu siz daha yaxşı görərsiniz. Qəzetlərdən və TV-lərdən maraqlanırdılar. Azərbaycan bizim üçün qardaş ölkədi. Razılaşma alınsa, yaxın dost ölkədə çalışacağıq.
