29 noyabr 2013 14:00
Muarem Muarem: Kimsə mənim adımdan guya “Qarabağ”dan gedişimi bəyan edib
“Qarabağ”ın yarımmüdafiəçisi Muarem Muarem azerisport.az saytına müsahibəsində futbol üzrə Topaz Premyer Liqasının 15-ci turu çərçivəsində “Simurq”a qarşı qarşıdakı oyundan və “atçılar”ın heyətindən getməsi haqda şayiələrdən danışıb.
- “Simurq”la səfər oyunu ərəfəsində komandada ab-hava necədir?
- AZAL və “Rəvan”la ardıcıl iki heç-heçədən sonra komandada döyüşkən ab-hava var. Bizi çətin oyun gözləyir. Çünki zaqatalalılar bizə qarşı yaxşı oynayır. Bu oyunda da xal itirmək istəmirik.
- Qələbə üçün qol vurmaq lazımdır. “Rəvan”la oyunda bu sizin üçün problem oldu.
- Elə oyunlar olur ki, sadəcə “girmir”. Elə oyunlar da olur ki. Birdən-birə dörd qol vurursan. “Qəbələ” ilə oyunda olduğu kimi. Ümid edirəm ki, “Simurq”la oyunda vurmadığımız topların əvəzini çıxacağıq.
- Deməli, öz stadionuna qayıtdığı üçün böyük ruh yüksəkliyi olan “Simurq”un qapısına bir-neçə top vurmaq istəyirsiniz?
- Bu, bizim üçün səbəb ola bilməz. Əgər öz futbolumuzu göstərsək, bu oyunda problemlərimiz olmayacaq. Çempionatda çempionluğa oynayan komanda üçün, harada oynamağın gərək fərqi olmasın.
- “Neftçi”nin oyunlarını izləyirsiniz?
- İlk növbədə vacib, mənim komandamın oyunudur. Əgər biz qələbə qazanacağıqsa, yaxın raqibin necə oynamağının nə fərqi var? Belə isə, əlbəttə, bu, az əhəmiyyət kəsb etmir. “Neftçi”nin oyunlarını izləmək lazım gəlir.
- Mətbuat tez-tez sizi vaxtından əvvəl “Qarabağ”dan “sürgün edir”. Bu, sizi narahat etmir?
- Bütün bu xəbərləri oxumaq mənə xoş deyil. Axı mən öz gedişim barədə heç kimə heç nə deməmişəm. Sosial şəbəkədə kimsə profil açıb və mənim adımdan yazıb. Jurnalistlərə müsahibə verib.
- Bəs sonra?
- Bu sual artıq həll olunub. Son iki ayda jurnalistlərlə az ünsiyyət saxlayıram.
- Deməli, siz heç yerə getməyə hazırlaşmırsınız?
- Əgər mən harasa getməyə hazırlaşsa idim, bunu məşqçiyə və ya klub rəhbərliyinə bildirərdim. Bu haqda KİV-ə elan verməyəcəyəm. Başa düşmürəm belə şeyləri fikirləşmək nəyə lazımdır. Mən “Qarabağ”dan getmək qərarına gəlməmişəm və bu haqda düşünmürəm. Mən “Qarabağ”da xoşbəxtəm. Bu, karyeramda ən yaxşı klubdur. Bu, sadəcə sözlər deyil. Futbolda bəzən elə olur ki, özünü yaxşı və əmin hiss edirsən, ancaq az oynayırsan. Bundan faciə etməyəcəyəm. Öz şansımı gözləyəcəyəm.
