29 noyabr 2013 00:48
Xəzər Lənkəranın məşqində nələr baş verdi?
Topaz Premyer Liqasının 15-ci turunda AZAL-ı qəbul edəcək “Xəzər Lənkəran” hazırlıqlarını doğma şəhərdə davam etdirir. Azerisport.az xəbər verir ki, “ağ-yaşıllar” dünən "Fırtınalar meydanı"nın əsas meydançasında növbəti məşqini keçirib.
Covanni Melkiorenin rəhbərliyində taktiki çalışmalara hesablanmış məşq prosesi saat yarım davam edib. Müdafiəçilərin və yarımmüdafiəçilərin ayrı-ayrılıqda hücumçularla anlaşmalarına hesablanmış xətlərarası xüsusi çalışmalar, həmçinin uzaq və yaxın məsafələrdən ötürmələr sonrası ani hücumların qurulması üzrə intensiv hazırlıqlar məşqin əsas hissəsini təşkil edib. Yeni baş məşqçinin yolunu gözləyən komanda üzvlərinin hazırlıq prosesində həvəslə çalışması da diqqət çəkib.
Onu da əlavə edək ki, Mustafa Dənizlinin bu gün Lənkəranda olacağı gözlənilir. (12-ci oyunçu)
