27 noyabr 2013 11:22
Yuri Syomin: Mən Xəzər Lənkəranın prezidenti deyiləm
“Qəbələ”nin baş məşqçisi Yuri Syomin azerisport.az saytına müsahibəsində futbol üzrə Topaz Premyer Liqasının 15-ci turu çərçivəsində “Rəvan”a qarşı keçiriləcək oyundan, qol vəziyyətlərinin reallaşdırılmasından, yarış cədvəlindən və “Xəzər Lənkəran”dan danışıb.
- “Rəvan”la oyuna hazırlıq necə gedir?
- Sarı vərəqlər limitini aşan Leonardodan başqa, demək olar ki, bütün oyunçular meydana çıxmağa hazırdır. Qəbələdə məşq edirik. Hava və örtük yaxşı vəziyyətdədir. Çox ciddi hazırlaşırıq. Bilirik ki, “Rəvan” çempionatın lideri ilə heç-heçə edib. Onların “Qarabağ”la oyununa baxmışam. Müdafiədə yaxşı oynayıblar.
- Özünüzün əvvəlki müsahibələrində qeyd etmişiniz ki, komandanızın çatışmazlıqları var bunların üstündə işləmək lazımdır.
- Müəyyən çatışmazlıqlar həmişə var. Onlar mövsümün gedişində baş verir. Bu, normaldır. Komandamın daha keyfiyyətli oynamasını istəyirəm. AZAL-a qarşı son oyunda (1:0) qol vəziyyətlərinin qiymətləndirilməsi daha dəqiq olmalı idi. Son dəqiqələrə qədər çox çətin idi. Belə ki, biz rəqibə bir qoldan artıq vura bilmədik.
- Bu, Azərbaycan klubları üçün ən böyük problemdir. Hamı bundan gileylənir.
- Qol vəziyyətlərinin reallaşdırılması oyunçunun keyfiyyətlərindən asılıdır. Görünür, hücumu keyfiyyətlə bitirə biləcək oyunçular çatışmır. Bunlar isə daha böyük ustalıq səviyyəsi olan oyunçulardır. Tamamilə mümkündür ki, bundan gileylənən komandalarda belə oyunçular azdır.
- Yarış cədvəlinə baxanda sizi hansı hisslər bürüyür?
Yaxşı hisslər. Hər şeyin indi başlamasına rəğmən. Azərbaycan çempionatı çox maraqlıdır. Yarış cədvəlinin hər hissəsində sərt, ciddi mübarizə gedir.
- Rəqiblərin xal itkisini, “Qəbələ”nin qələbəsini nəzərə alsaq, son tur sizin komandanız üçün olmadığı kimi uğurlu alındı.
- Rəqiblərimizin nə qədər xal itirməyi haqda düşünmürəm. Biz ancaq öz fəaliyyətimizə təsir edə bilərik. Olmadığımız yerdə nəyisə dəyişə bilmərik.
- 21-ci turda “Qəbələ” “Xəzər Lənkəran”a qarşı oynayacaq. Rəqibin sükanı arxasında Mustafa Denizli dayanır. Bu mütəxəssisi tanıyırsınız?
- Əlbəttə, eşitmişəm. Məşhur türk mütəxəssis, Türkiyə yığması və ölkənin aparıcı klubları ilə işləyib.
- Con Toşakın istefasını necə qəbul etdiniz?
- Heç cür. Mən “Xəzər Lənkəran”ın prezidenti yox, “Qəbələ”nin məşqçisiyəm. Mən digər klublardakı dəyişikliklərə diqqət etmirəm. Orada məşqçi dəyişib, digər klubda da dəyişiklik ola bilər. Bu proses mənə xüsusi ilə maraqlı deyil. Buna diqqət etsək, özümüzün olan haqda unuda bilərik.
