26 noyabr 2013 14:33
14-cü tur Rəvan üçün əlamətdar oldu
Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində "Rəvan” çempionatın lideri olan "Qarabağ”la üz-üzə gəldi. Azerisport.az xəbər verir ki, səfərdə 1 xal qazanan “Rəvan” ardıcıl ikinci, cari mövsüm 6-cı görüşdə "sülh” bağladı.
"Qarabağ”la ardıcıl ikinci səfər matçında qolsuz bərabərə qalan "Rəvan", bununla indiyə qədər iştirak etdiyi turnirlərdə toplam 30-cu dəfə "sülh” bağladı. Bu heç-heçələrin 7-si I diviziona, 21-i Premyer Liqaya, 2-si isə ölkə kubokuna təsadüf edir.
Tofiq Bəhrəmov adına Respublika stadionunda qazanılan 1 xal həm də 2 yubileyə səbəb oldu. Belə ki, “Rəvan” Premyer Liqada səfər oyunlarında 40-cı, ümumilikdə isə 90-cı xalını əldə etmiş oldu. Cari mövsüm səfərdə ilk dəfə heç-heçə edən "Rəvan” bununla qonaq meydanındakı 3 oyunluq məğlubiyyət seriyasına son qoydu.
Daha bir maraqlı məqam görüşü idarə edən Rauf Cabbarovla bağlıdır. Belə ki, Cabbarov Premyer Liqa çərçivəsində ikinci dəfə "Qarabağ” - "Rəvan” görüşündə ədaləti qorudu və oyun yenə də 0:0 hesabı ilə başa çatdı. Bu həm də Cabbarovun cari mövsüm “Rəvan”la yollarının kəsişdiyi ikinci hal oldu. Maraqlısı budur ki, ilk halda da (AZAL) qol vurulmamışdı.
Görüşün ikinci hissəsində meydana çıxan əsas kapitan Ramazan Abbasov isə Premyer Liqada ən çox "Rəvan” forması geymiş futbolçu oldu. Belə ki, cari mövsüm 11-ci matçına çıxan kapitan, toplamda 56-cı dəfə Premyer Liqada "Rəvan” forması ilə oynadı. Bu nəticə ilə o, Samuel Barlayın nəticəsini təkrarladı.
"Qarabağ”la heç-heçə baş məşqçi Şahin Diniyev üçün də əlamətdar oldu. Təcrübəli mütəxəssis ölkə çempionatlarında 170-ci xalını qazandı. "Rəvan”da hələ ki 3 xal əldə edən Diniyev daha öncə "Qarabağ-Azərsun”la 101, "Gəncə” ilə isə 66 xal əldə etmişdi.
(Klub saytı)
