26 noyabr 2013 13:22
Lukaş Sapela: Diniyev futbol adamıdı və həm də yaxşı psixoloqdu
Azerisport.az qolsuz heç-heçə ilə başa çatan “Qarabağ” - “Rəvan” görüşün əsas qəhrəmanlarından biri də qapıçı Lukaş Sapela ilə müsahibəni təqdim edir.
- "Qarabağ"la oyun haqqında nə deyə bilərsən?
- Rəqib Azərbaycanın ən yaxşı klublarından biri idi. Bu komanda ilə oyuna dörd gün fiziki cəhətdən hazırlıq keçmişdik. Özüm qapıçılarla işləyən məşqçimizlə bu oyuna ciddi hazırlaşmışdım. Həmin hazırlıqların bəhrəsini gördük.
- Bu gün çempionatın lideri ilə oynayırdınız...
- "Qarabağ” taktiki-fiziki baxımdan güclü komandadır. Yaxşı baş məşqçisi var. Bunu bizə baş məşqçimiz rəqibi təhlil edərkən demişdi. Sevindirici haldır ki, belə güclü rəqibdən xal almağı bacardıq.
- "Qarabağ”la ilk oyunda da bir xal qazana bilmişdiniz...
- "Qarabağ” və "Qəbələ” hazırkı çempionatın güclü komandalarıdır. Bu komandalara qarşı xüsusi motivasiya ilə oyuna çıxmağa ehtiyac yoxdur. Düşünürəm ki, belə oyunlarda qarşılaşmalara həddindən artıq köklənmə bizim uğur qazanmağımıza səbəb olur.
- Sizi bu oyunun qəhrəmanı adlandırmaq olar?
- Olar, olar (gülür).
- Mətbuat konfranslarından birində baş məşqçiniz Şahin Diniyev qışda yeddi yeni oyunçuya ehtiyacının olduğunu, bunlardan birinin də qapıçı mövqeyi ilə bağlı olduğunu bildirmişdi. Komandadakı yerinizi itirəcəyinizdən qorxmursunuz ki?
- Yox, bundan qətiyyən qorxmuram. Ümumiyyətlə, qapıçı qorxmamalı, əsəbi olmamalıdır. Belə olarsa, oyunu alınmaz. Qarşılaşma zamanı biz təmkinli olmalı, emosiyalarımıza nəzarət etməliyik. Əgər komandadakı dəyişikliklər haqda düşünsən, onda oyun zamanı sənin işin pis olacaq. Baş məşqçi heyətə yeni qapıçı gətirmək istəyirsə, deməli, əsas heyətdə rəqabət yaratmaq istəyir. Rəqabət isə peşəkar futbolçunun xeyrinədir.
- Şahin Diniyevin komandaya gəlişindən sonra nə dəyişib?
- Diniyevin nəyisə dəyişməsi üçün əlində yaxşı heyət olmalıdı. Söhbət 5-6 yaxşı futbolçudan getmir. Rəqabət olması üçün hər mövqedə 2-3 yaxşı futbolçu olmalıdı. Diniyev futbol adamıdı və həm də yaxşı psixoloqdu. Sadəcə ona vaxt vermək lazımdı. Əvvəlki məşqçinin dönəmində çox qol buraxırdıq.
- Ümumiyyətlə məşqçi dəyişikliyi komandaya kömək edəcəkmi?
- May ayına qədər göstərdiyimiz oyun və nəticə bu suala cavab olacaq. Şəxsən mən və komanda yoldaşlarım buna inanırıq.
(“Rəvan” FK rəsmi saytı)
