25 noyabr 2013 00:37
Arazın final mərhələsindəki rəqibləri müəyyənləşdi
Xəbər verdiyimiz kimi, futzal üzrə UEFA Kubokunun əsas mərhələsində mübarizə aparan Azərbaycan çempionu “Araz” qrupda birinci yeri tutaraq final mərhələsinə vəsiqə qazanıb. Azerisport.az xəbər verir ki, təmsilçimiz əsas seçmə mərhələdə son oyununu ötən gün Portuqaliyanın “Sportinq” klubuna qarşı keçirdi.
Portuqaliyanın Almada şəhərindəki "Complexo Municipal dos Desportos" İdman Kompleksində keçirilmiş qarşılaşma 6:3 hesabı ilə “Araz”ın xeyrinə başa çatdı.
Xatırladaq ki, “Araz” əsas seçmə mərhələnin ilk oyununda Hollandiyanın “Eyndhoven” komandasına 6:3, ikinci qarşılaşmada isə Macarıstanın "Qyor ETO" klubuna 5:0 hesabı ilə qalib gəlmişdi.
Bu nəticələrdən sonra təmsilçimiz adını Dördlər finalına yazdırıb. Artıq komandamızın həmin mini turnirdəki rəqibləri də bəllidi. Belə ki, "Araz" "Barselona" (İspaniya), "Dinamo" (Rusiya) və "Kayrat"la (Qazaxıstan) mübarizə aparacaq.
"Araz"ın mübarizə aparacağı Dördlər finalı 2014-cü ilin aprel ayında keçiriləcək.
