24 noyabr 2013 11:53
Hafiz Məmmədov Lansda toplanışda olan gənc futbolçularla görüşdü (FOTOLAR)
Fransada işgüzar səfərdə olan "Bakı" futbol klubunun prezidenti Hafiz Məmmədov Lansda təlim-məşq toplanışı keçirən gənc futbolçularımızla bir araya gəlib. Azerisport.az xəbər verir ki, "Bakı"nın prezidenti U-15 komandasının üzvləri ilə görüşərək, onlara qiymətli hədiyyələr təqdim edib.
Fransa 2-ci liqasının "Lans" - "Şatoru" (2-0) oyununu fəxti tribunada izləyən Hafiz Məmmədov oyun başa çatdıqdan sonra 2 həftə ərzində bu şəhərdə təlim-məşq toplanışı keçən gənc futbolçularımızla görüşüb. "Lans" klubunun təlim-məşq bazasında baş tutan toplantıya qatılan Hafiz Məmmədov 15 yaşlı oyunçuların səfər barədə fikirlərini soruşub. Eşitdiklərindən məmnun qalan prezident bu günlər ərzində futboçularla hazırlıq keçən fransalı məşqçi Herve Arsenə təşəkkürünü bildirib:
"Biz bu ölkəyə futbol fəlsəfəsini mənimsəməyə gəlmişik. Artıq iki komandamız "Lans"ın bazasında təlim-məşq toplanışı keçib. Bunun ardı gələcək. Biz tək klubumuz deyil, həm də Azərbaycan milli komandası üçün layiqli, rəqabətədavamlı futbolçular yetişdirməliyik. Bu baxımdan "Lans"la əməkdaşlıq əvəzsizdi. "Lans" klubunun rəhbərliyinə, məşqçi heyətinə dərin təşəkkürümü bildirirəm. Əminəm ki, bu uşaqların içindən səviyyəli futbolçular yetişəcək və onlar ölkəmizi dünya meydanlarında layiqincə təmsil edəcəklər. Biz bu yolun başlanğıcındayıq. İrəlidə görüləcək çox işlər var. İlk addımların uğurlu alınması məni çox sevindirir. Hər birinizə gələcək fəaliyyətinzdə uğurlar arzulayıram".
Bunun ardından toplantı iştirakçıları komandaların Fransa səfərləri ərzində keçdiyi haqırlıq prosesini əks etdirən filmə baxıblar. Hafiz Məmmədov və "Lans" klubunun idman direktoru Joslen Blanşar uşaqlara müxtəlif hədiyyələr təqdim ediblər.
Sonda onu da qeyd edək ki, Lansda iki həftəlik təlim-məşq toplanışını başa vuran U-15 komandasının üzvləri bu gün Bakıya qayıdacaqlar. (klub saytı)
