24 noyabr 2013 01:46
"9 milyonluq Azərbaycan xalqı da sizi dəstəkləyir" (FOTO)
"Lans" Fransa 2-ci Liqasının 14-cü turunda qələbə qazanaraq ikinci pilləyə yüksəldi. Azerisport.az xəbər verir ki, Lansın "Feliks Bollar" stadionunda keçirilən oyunun ilk yarısı qolsuz bərabərliklə başa çatıb.
İkinci hissədə keyfiyyət üstünlüyünü kəmiyyətə çevirən "Lans" Qbamin (51) və Valdivianın (89) qolları ilə inamlı qələbə qazanıb. Bu oyunu izləyənlər arasında “Atletiko” Madrid klubu ilə əməkdaşlıq korrdinasiya mərkəzinin rəhbəri Sənan Məmmədov da olub. Qeyd edək ki, gənc Məmmədov Londonun City Universitetinin bakalavr, LSE Universitetinin master dərəcəsini bitirib.
Xatırladaq ki, Hafiz Məmmədovun sahibi olduğu “Lans” bu oyunda 2:0 hesabı ilə qalib gələrək turnir cədvəlində ikinci pilləyə yüksəlib. Oyundan sonra qələbəni bayram edən "Lans" azarkeşləri Hafiz Məmmədovu alqışlayaraq onun şərəfinə şüarlar səsləndiriblər. "Lans" futbolçularını qələbə münasibəti ilə təbrik edən Hafiz Məmmədov onlara ürək sözlərini çatdırıb:
"Sizi gözəl qələbə münasibəti ilə təbrik edirəm. Bilin ki, sizi 9 milyonluq Azərbaycan xalqı da dəstəkləyir. Hədəflərimiz bəllidi, biz daha yüksəklərdə olmalıyıq. Bu futbol tamaşası üçün hər birinizə təşəkkür edirəm".
