23 noyabr 2013 23:10
İnter bəyanat yaydı
"İnter" klubu bu gün keçirilmiş Topaz Premyer Liqasının 14-cü turunun "Neftçi" ilə oyunundan sonra bəyanat yayıb. Azerisport.az sizi həmin bəyanatla tanış edir:
"İnter" Peşəkar İdman Klubunun rəhbərliyi Azərbaycan Premyer Liqasının 14-cü turu çərçivəsində keçirilən "İnter" - "Neftçi" oyunundan sonra yaşananları pisləyir. Bundan başqa klub rəhbərliyi "Neftçi" klubunun rəsmi nümayəndələrinin "İnter" klubunun prezidenti Georgi Nikolovun ünvanına səsləndirdiyi əsassız və etikadankənar fikirlərini pisləyir və belə ifadələrin işlədilməsini yolverilməz hesab edir.
Oyundan sonra dəhlizdə qonaq komandanın 3 nömrəli futbolçusu Denis Silva "İnter" klubunun oyunçusu David Meza Kolliyə qarşı fiziki güc tədbiq edib və hadisənin böyüməsinin qarşısının alınmasında iddia edildiyi kimi, klubun hər hansı mühafizə xidmətinin əməkdaşının iştirak etmədiyini nəzərə çatdırırıq. Hadisə oyunun protokolunda qeyd edilib.
"İnter" komandası meydanda əzmkar qələbə qazanıb və rəqibi reallığı qəbul etməyə səsləyirik".
