21 noyabr 2013 11:55
Nunu Diaş: Araz istedadlar ilə doludu
Portuqaliyanın futzal klubu “Sporting”in baş məşqçisi Nunu Diaş bu gün Lissabonda start götürəcək futzal üzrə UEFA Kubokunun elit raundu, həmçinin, “Araz” komandası haqda fikrini bildirib. Azerisport.az klub saytına istinadən Nunu Diaşın fikirlərini diqqətinizə çatdırır.
“Bu mərhələdən çox şey gözləyirik. Ancaq necə güclü rəqiblərimiz olduğunu bilirik. Qrupumuz bütün komandaları güclüdür. Biz rəqiblərimiz haqda az məlumatlıyıq, ancaq istənilən halda biz hazırıq”, deyə portuqaliyalı mütəxəssi sözə başlayıb.
Onun sözlərinə görə oyunların Portuqaliyada keçirilməsi onları favorit edir: “Mini-yarışın meydan sahibi olmağımız bizə böyük təzyiq göstərir. Ancaq mən həmişə demişəm ki, belə təzyiq komanda üçün müsbətdir. Bununla belə, burada böyük azarkeş dəstəyi ilə təmin olunmağımızı nəzərə alsaq, bu, bizə müəyyən üstünlük verir və favorit edir. Biz bütün oyunlarda qələbə qazanmaq istəyirik. Başa düşürük ki, yalnız birinci yeri tutacaq komanda Dördlər finalına yüksələ bilər”.
Qrup rəqiblərinə münasibət bildirərkən, portuqal mütəxəssis “Araz” komandasını qeyd edib: “Araz”ın əsası çox yaxşı oyunçular olan milliləşdirilmiş braziliyalılar da daxil olmaqla, Azərbaycan yığmasının oyunçularından təşkil edilib. Rusiyada iş təcrübəmdən tanıdığım oyunçular, həmçinin, “Benfica”nın sabiq oyunçusu Davi var. Bu komanda istedadlarla doludur. Onların yaxşı qurulmuş oyun üslubu var”.
“Bu, çox çətin üç oyun olacaq. Ancaq biz həqiqətən qələbə qazanmaq və öz məqsədimizə çatmaq istəyirik”, deyə Nunu Diaş fikrini tamamlayıb.
