20 noyabr 2013 15:21
Raxmat, Bişkek!
Bişkek - gözəl, səmimi, gülərüz insanların yaşadığı bir şəhər. Qırğızıstanın iqtisadi cəhətdən çox geri qaldığı paytaxt Bişkekə ayaq basan kimi hiss olunur. Sanki, 1994-cü ilin Bakısını xatırladır.
Avtobusla hava limanından mehmanxanaya gedərkən oyunun tez başlamasını arzu elədim. Zarafatla Mikayıl müəllimə "onlarla danışın, bəlkə oyunu 1 gün tez, ayın 18-də keçirək, evə tez qayıdaq" dedim. Havanın pis qoxuması və tüstülü olması (dumanlı yox) adamı narahat edirdi. Ancaq səhər açılanda tam fərqli bir mənzərə ilə qarşılaşdım. İnsanların səmimiyyəti, üzlərindəki təbəssüm, bizə qarşı münasibətləri məni yaxşı mənada təəccübləndirdi. Sanki kasıb bir ailəyə imkanlı qohum qonaq gəlmişdi. Kasıb ailənın qonağın qarşısına sıxıla- sıxıla qoyduğu kartof qızartması və soğanla çörəyin dadı həmişə fərqli olur.
İnsanların Azərbaycan millisinə münasibəti bizim Portuqaliya yığma komandasına olan münasibətimiz kimi idi. Oyundan öncə məşq qapalı keçirilsə də, azarkeşlər hasarın üstündən, qapıların ağzından millimizin məşqini izləyirdi. Stadionun vəziyyəti çox bərbad idi. Oyun günü mətbuat nümayəndələri üçün ayrılmış yerdə məktəb partaları qoyulmuşdu. Mətbuat konfrası otağı çox kiçik idi. Bir sözlə, arena Gəncə şəhər stadionuna bənzəyirdi. Şəraitsizlik olmasına baxmayaraq, heç sıxılmadım, əksinə, çox böyük zövq aldım. Hətta milli komandamız bu yoxlama oyununda məğlub olsaydı belə, yenə üzülməyəcəkdim.
Oyun bitən kimi insanların üzündəki sevinci görməyə dəyərdi. Yanımda əyləşən jurnalist "bu gün Qırğızıstanda bayram ab-havası olacaq" deyə qışqırdı.
Biz türkük! Bizim özümüzdən başqa dostumuz yoxdu. Bunu hamı bilir. İnsanların bir-birinə yaxınlaşması, münasibət qurması üçün gediş-gəliş lazımdı. Tez-tez qonaq getdiyin qohumunun evində daha sərbəst olursan. Daha yaxınlaşırsan, daha çox istəyirsən. Məncə, türk dövlətlərinin çempionatlarında həmin ölkələrin futbolçularının üzərindən legioner statusu götürülərsə, əla olar. Türkdilli ölkələrin çempionlarının iştirakı ilə bir futbol turnirinin keçirilməsi isə lap qiyamət olardı. Birlik Kuboku kimi. Ondan daha yaxşı olar. Məsələn, elə qışda Antalyaya getməyə imkanı olmayan komandalara da sponsor tapmaq bir o qədər çətin olmaz. Və yaxud hər il bir türk dövləti turnirə ev sahibliyi etsə maraqlı olar. Raxmat (çox sağ ol), Bişkek!
ASLAN ŞAHGƏLDİYEV
