18 noyabr 2013 15:51
"Azərbaycan millisini Asiya komandaları ilə müqayisə etmək düz olmazdı"
Futbol üzrə Qırğızıstan yığmasının müdafiəçisi Artur Mollacanov Azərbaycan yığmasına qarşı keçiriləcək yoldaşlıq oyunu ərəfəsində azaerisport.az saytının suallarını cavablayıb.
Azərbaycan yığmasına qarşı keçiriləcək yoldaşlıq oyunu haqda nə deyə bilərsiniz?
Sizin güclü komandanız var. Biz bir neçə oyuna baxmışıq və buy oyunlara görə müəyyən qənaətə gəlmək olar.
Səviyyə fərqi nə dərəcədə hiss edilir?
Bu, yalnız kağız üzərindədir. Meydan hamını bərabər edir. Əminəm ki, müsbət nəticə əldə etmək gücündəyik.
Azərbaycan yığmasının Avropada oynadığı üçün bu planda üstünlüyü var. Bəs sizin?
Azərbaycanın daha güclü rəqiblərlə oynamaq imkanı var. Buna görə də səviyyə artır. Bizim də müsbət irəliləyişlərimiz var. Əvvəllər futbol federasiyası heç nə ilə məşğul olmurdu. İndi federasiya rəhbərliyi dəyişib və hər şey daha yaxşı olub.
Maraqlıdır ki, siz Azərbaycan yığmasının məşqində qaldınız. Niyə?
Sadəcə, bizim məşqimiz onların məşqindən sonra olacaq. Həmçinin, bizə rəqibə baxmaq icazəsi verdilər.
Necə düşünürsünüz, əgər Azərbaycan yığması Asiyada oynasaydı, nə uğrunda mübarizə aparardı?
Bu suala cavab vermək çətindir.
Yaxşı, sualı bir qədər fərqli qoyaq: Azərbaycanı Asiya zonasının favoritləri Yaponiya, Cənubi Koreya, İranla müqayisə edə bilərsiniz?
Komandaları qiyabi olaraq müqayisə etmək düz olmazdı. Sadəcə deyə bilərəm ki, Azərbaycan yığması doğrudan da güclüdür.
Sabah sizi hansı nəticə qane edəcək?
Əlbəttə, biz qələbə qazanmaq istəyirik.
