14 noyabr 2013 13:33
Fərhad Vəliyev: Hollandiya ilə heç-heçə Estoniya yığmasının səviyyəsindən xəbər verir
Futbol üzrə Azərbaycan yığmasının qapıçısı Fərhad Vəliyev azerisport.az saytına müsahibəsində öz əhvalı haqda danışmaqla yanaşı, Estoniya və Qırğızıstan yığmalarına qarşı keçiriləcək oyunlardan söz açıb.
Estoniya və Qırğızıstan yığmalarına qarşı keçiriləcək oyunlara hazırlıq necə gedir?
Hər şey yaxşıdır. Komandada əla əhval var. Ciddi hazırlaşırıq. Hər iki görüşdə qələbə qazanmaq istəyirik.
Yığma düşərgəsindən son xəbərlər çox da ürəkaçan deyil: hər gün kimsə zədələnərək sıradan çıxır. Bu, nə ilə bağlıdır?
Doğrudan da, elə bil ki bəxtsizlikdir. Ölkə çempionatının son turundan futbolçular zədə ilə qayıdıblar. Sadiqovun zədəsi nisbətən yüngül, Sadıqovun zədəsi isə ağırdır.
Yığmadan iki il kənar qalmağınızı nəzərə alsaq, özünüzü necə hiss edirsiniz?
Əlbəttə, məni yığmaya dəvət sevindirir. Özümü yaxşı hiss edirəm.
Özünəinam azalmayıb?
Yox, əlbəttə. İnamım öz yerindədir.
Dünən biz məşqi müşahidə edirdik və elə təsəvvür yarandı ki, bir nömrə altında məhz siz oynayacaqsınız.
Hər şey ola bilər. Bu, baş məşqçidən asılıdır. Düşünürəm ki, Berti Foqts hər halda mənə şans verəcək.
Estonlara qarşı oyun barədə nə düşünürsünüz?
Pis komanda deyil. Özü də biz səfərdə oynayacağıq. Çətin olacaq. Bişkekə yaxşı əhvalla yollanmağa çalışacağıq. Estonlar hollandlarla heç-heçə oynayıblar (2:2) və bu onların səviyyəsindən xəbər verir. Onlara yuxarıdan aşağı baxmaq olmaz.
Hollandiya ilə heç-heçə etmiş komandanı məğlub edə biləcəyik?
Niyə də yox? Mən onların türklərə qarşı oyununu görmüşəm. Bu rəqibi məğlub etmək olar.
