12 noyabr 2013 00:36
Yığma Əfranı itirdi, Rəşadın taleyi sual altındadı
Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində keçirilən "Neftçi" ilə oyun qonaq komandanın - "Bakı"nın yarımmüdafiəçisi Əfran İsmayılov üçün uğursuz alındı. Azerisport.az xəbər verir ki, komandasının 1:2 hesabıyla uduzduğu paytaxt derbisinin 35-ci dəqiqəsində zədələnən sözügedən futbolçu oyunu davam etdirə bilmədi.
Bu üzdən də o, yerini Deyvidas Çesnauskiyə vermək məcburiyyətində qaldı. Artıq Əfranın zədəsi ilə bağlı ilkin məlumatlar yayılıb. Futbolçunun zədəsinin ciddi olduğu bildirilir. İsmayılov ən azı 3 həftə komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, Əfran milli komandamızın Estoniya və Qırğızıstan ilə keçirəcəyi yoldaşlıq görüşlərinə də dəvət almışdı. Amma Berti Foqts onun zədəsini nəzərə alaraq, heyətdən çıxarıb və "Bakı"nın yarımmüdafiəçisinin əvəzində "Sumqayıt"dan Pərdis Fərcad-Azada dəvət göndərib.
Sonda onu da əlavə edək ki, yığmamızın kapitanı Rəşad Sadıqovun da bu görüşlərdə iştirakı sual altındadı. Hazırda zədəsini sağaltmaqla məşğul olan "Qarabağ"ın kapitanı ötən gün həkim müayinəsindən keçib. Təcrübəli futbolçunun durumunun nə yerdə olduğuna bu gün aydınlıq gəlməlidi.
