12 noyabr 2013 13:00
Komanda yoldaşını söyənə 3, hakimi təhqir edənə 4 oyunluq cəza!
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatının 13-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:
AZAL – “Qarabağ” matçında “Qarabağ”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.
“Neftçi” – “Bakı” oyununun 39-cu dəqiqəsində “Bakı”nın futbolçusu Vüqar Mustafayev komanda yoldaşını təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyunluq cəzalanıb, klubu 1000 manat cərimə olunub. Oyunun 83-cü dəqiqəsində “Neftçi”nin futbolçusu Orxan Bəşirov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb, klubu 2000 manat cərimə olunub.
