11 noyabr 2013 14:42
"Zədə alan epizodda məsələnin ciddi olduğunu hiss etdim"
Çempionatın lap əvvəlində - 1-ci turda keçirilən "Simurq” – "Rəvan” oyununda paytaxt klubu təkcə məğlubiyyətə yox, həm də əsas futbolçularından biri olan Tofiq Mikayılovu itirməsinə üzüldü. Azerisport.az xəbər verir ki, dizindən ağır zədələnən yarımmüdafiəçi ili başa vurdu. Belə ki, dizinin xaçvari bağları qırılan oyunçunun ən azı yarım il oynamayacağı məlum oldu.
Elə avqustda Mərkəzi Kliniki Xəstəxanada uğurla əməliyyat olunan futbolçu artıq bərpa mərhələsinə qədəm qoyub. Bunu klubun rəsmi saytına müsahibəsində Tofiqin özü bildirdi:
"Öncə klub rəhbərliyinə təşəkkürümü bildirirəm. Sağ olsunlar, mənə hər cəhətdən kömək etdilər, dəstək oldular. Elə komanda yoldaşlarıma da minnətdaram. Hamısı çətin vaxtımda yanımda oldular. Allah razı olsun hamısından. Bilirsiz, mən ilk dəfədi belə ağır zədə alıram. Zədə alan epizodda dərhal məsələnin ciddi olduğunu hiss etdim. Çünki dizim qatlandı. Dözülməz ağrılar hiss etdim. Ümumiyyətlə, heç bir idmançıya zədə arzulamıram. Uzun müddətdi oynaya bilmirəm. Kənardan komandanın çıxışını izləmək isə çətindi. Çünki özüm də meydana çıxmaq istəyirəm. Amma hələ bir qədər də səbr etməliyəm. Artıq yavaş-yavaş özümə gəlirəm. Şənbə günü reabilitasiya kursunu keçən həkim məni 5-10 dəqiqə qaçırdı. Şükür Allaha, heç bir ağrı hiss etmədim. Həkim deyib ki, inşallah bu ayın axırına stadionda qaça biləcəm. Yaşıl meydanlara nə vaxt qayıdacağımı isə dəqiq deyə bilmərəm. Zədənin tez sağalmağından çox şey asılıdı. Amma ümid edirəm ki, yanvar-fevral aylarına kimi tam düzələrəm”.
