10 noyabr 2013 20:01
Yuri Syomin: Əsasən güc futbolu izlədik
“Qəbələ”nin baş məşqçisi Yuri Syomin Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində keçirilmiş "Xəzər Lənkəran"la oyunu şərh edib. Azerisport.az xəbər verir ki, Qəbələ klubunun rusiyalı çalışdırıcısı 0:0 hesabıyla başa çatan görüşdən sonra bunları söyləyib:
“Çətin oyun oldu. Bu cür hava şəraitinə uyğun olaraq meydanda mübarizə çox oldu. Rəqiblərdən heç biri güzəştə getmədi. Əsasən güc futbolu izlədik. Oyunda iki futbolçumuzu zədə səbəbindən itirdik, fikrimcə, ciddi zədələri var. Bu şəraitə görə nəticəni qənaətbəxş hesab edirəm. Oyun boyu müdafiədə oynamırdıq. “Xəzər Lənkəran”ın hər hücumuna əks-hücumla cavab verirdik. Daha çox uzun ötürmələrdən istifadə edirdik. Bəzi hallarda hücumçular – nə Kamanan, nə də Mendi topu saxlaya bilirdilər. Subotiç bacardığı qədər oynayırdı, Ebesilio oyuna yüksək hərarətlə çıxmışdı, ona görə ancaq bir hissə oynadı. Sadiq Quliyevin effektli oynaması ilə razıyam, öz mövqeyində yaxşı idi. Oyuna baxanda, qol vurmaq üçün yaxşı şanslarımız var idi. Bütün əvəzetmələrdən istifadə etdiyimiz üçün Ürfan Abbasovun zədələnməsindən sonra oyunun son dəqiqələrini 10 nəfərlə başa vurduq. Riskə getdik, heç-heçəni qoruduq. Meydançanın vəziyyəti baxımlı oyun üçün əlverişli deyildi”.
