8 noyabr 2013 00:15
Paytaxt derbisi, liderlik savavşı və "qardaş qırğını"
Bu həftə Topaz Premyer Liqasında 13-cü turun oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranacaq fasilə ərəfəsində baş tutacaq turun matçları 3 gün ərzində oynanılacaq.
5 oyundan 4-ü Bakıda, biri kənarda keçiriləcək. Tura autsayderlərin oyunu ilə start veriləcək. 10-cu dəfə üz-üzə gələcək rəqiblərin qarşılaşmalarında “Rəvan” aşkar üstünlüyə malikdi. Bu komanda 6 oyunda qələbə qazanıbsa, "Sumqayıt" cəmi 2 dəfə 3 xala sevinib. Daha bir görüş isə sülhlə bitib. Bakılılar ardıcıl 8 oyundu ki, “Sumqayıt”la görüşlərdə meydanı qolsuz tərk etmirlər. Son 8 qarşılaşmada rəqiblər heç-heçə də etməyiblər. Topların fərqində də "Rəvan" öndədi - 13:9. "Aslanlar"ın baş məşqçisi Şahin Diniyev yeni komandası ilə ilk qələbəsini rəsmiləşdirə bilər. Maraq üçün xatırladaq ki, "Rəvan" bu mövsüm yeganə qələbəsini məhz "Sumqayıt"la oyunda qazanıb. Aqil Məmmədovun komandası isə sonuncu pilləni tərk etmək üçün ən yaxın qonşusunu məğlub etməyə borcludu.
İkinci oyun günündə lider "Qarabağ" səfərdə AZAL-la üz-üzə gələcək. 20-ci dəfə qarşılaşacaq rəqiblərin matçlarında “Qarabağ” üstünlüyə malikdi. Ağdamlılar qalib gələrsə, 10-cu – yubiley qələbəsini qazanacaq. AZAL 5 oyunda 3 xal qazanıbsa, daha 5 qarşılaşmada da sülh qeydə alınıb. Son 4 ev oyunundan yalnız birində qələbə qazana bilməyən AZAL ardıcıl 5 görüşdü ki, evdə qol sevinci yaşayır. Topların fərqində "Qarabağ" minimal üstünlüyə malikdi - 21:20. Qurban Qurbanovun komandası ilk pillədəki mövqeyini qorumaq üçün səfərdən 3 xalla qayıtmağa məcburdu. Əks halda "Neftçi" bu turu qalib başa vursa, Ağdam klubunu qabaqlaya bilər. "Təyyarəçilər" isə qələbəsizlik sindromuna son qoymağa çalışacaq. Maraqlı məqamlardan biri də "Qarabağ"ın bu mövsüm aldığı yeganə məğlubiyyətin məhz AZAL-la ilk dövrədəki oyuna təsadüf etməsidi.
Digər maraqlı bir qarşılaşma “İnter”lə “Simurq” arasında keçiriləcək. “Bankirlər” Zaqatala klubu ilə oyunlarda böyük üstünlüyə malikdi. Lakin rəqiblərin son 2 matçında zaqatalalılar qalib gəlib. Bütövlükdə isə "İnter"in 13 qələbəsinin qarşılığında "Simurq" cəmi 3 dəfə qələbəni bayram edən tərəf olub. Daha bir qarşılaşmada isə heç-heçə qeydə alınıb. Topların fərqində də paytaxt təmsilçisinin aşkar üstünlüyü var - 30:11. Son iki turda ardıcıl qələbələr qazanan "İnter"in uğurlu seriyanı davam etdirmək şansı var. Son dövrlər qeyri-sabit çıxışı ilə seçilən "Simurq"la oyunun "Şəfa" stadionunda keçirilməsi də "bankirlər"ə əlavə üstünlük qazandırır. Bu iki komandanın daim "qardaş" klublar olması da oyuna xüsusi maraq oyadır.
Turun maraqlı qarşılaşmalarından birində “Xəzər Lənkəran” şəxsi görüşlərdə böyük üstünlüyə malik olduğu “Qəbələ” ilə qarşılaşacaq. Cənub klubu bu rəqibi ilə oyunlarda 10 dəfə qələbəyə sevinib. 4 matçda heç-heçə qeydə alınıbsa, daha 5 görüşdə "Qəbələ" 3 xala sevinib. Yubiley qarşılaşması ərəfəsində “Qəbələ” 4 matçdı ki, rəqibinə uduzmur. Cənublular ardıcıl 2 görüşdə rəqibinə quru hesabla uduzub. Topların fərqində də "ağ-yaşıllar" öndədi - 27:17. İki iddialı bölgə klubunun duelinə maraq qatan əsas amillərdən biri bu komandalara iki tanınmış əcnəbi mütəxəssisin - Con Toşakla Yuri Syominin rəhbərlik etməsidi.
13-cü turun qapanış matçında isə son çempion “Neftçi” ilə “Bakı” üz-üzə gələcək. Paytaxt derbisinə maraq kifayət qədər böyükdü. Nazim Süleymanovun komandası son turdakı "Xəzər Lənkəran"la oyunda qazanılan möhtəşəm qələbənin davamını gətirməyə çalışacaq. Bu, həm liderlik mübarizəsi baxımından vacib əhəmiyyət daşıyırsa, həm də ilk dövrədəki 0:3 hesablı məğlubiyyəti unutdurmaq baxımından önəmlidi. Milinko Pantiçin komandası isə liderlərə daha da yaxınlaşmaq üçün "Neftçi"yə yenidən qalib gəlməyə borcludu. “Neftçi” sayca 44-cü paytaxt derbisinə aşkar üstünlüklə çıxacaq. “Ağ-qaralar” 25-ci - yubiley qələbəsini qazanmağa çalışacaq. "Bakı"nın bu komanda ilə görüşlərdə 10 qələbəsi var. Daha 9 görüş heç-heçə bitib. 4 oyundu qələbəyə həsrət qalan “Neftçi” son 2 matçda xala da həsrət qalıb. “Bakı” isə son 8 görüşdə meydanı qolsuz tərk etməyib. Topların fərqində də "Neftçi"nin az qala ikiqat üstünlüyü diqqət çəkir - 61:37.
Topaz Premyer Liqası
13-cü tur
8 noyabr (cümə)
17:00. Rəvan – Sumqayıt
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Zeynal Zeynalov, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Eldar Qasımov.
Hakim-inspektor: Rövşən Əhmədov.
Bakı. "Bayıl Arena".
9 noyabr (şənbə)
16:00. AZAL – Qarabağ
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Nahid Əliyev, Rauf Cabbarov.
AFFA nümayəndəsi: Telman Əzizov.
Hakim-inspektor: Səfər Haşımov.
Bakı. "AZAL Arena".
17:00. İnter – Simurq
Hakimlər: Orxan Məmmədov, Munis Abdullayev, Elşən Acalov, Teymur Fərhadov.
AFFA nümayəndəsi: Elbrus Abbasov.
Hakim-inspektor: Kərim Ağayev.
Bakı. “Şəfa” stadionu.
10 noyabr (bazar)
17:00. Xəzər Lənkəran – Qəbələ
Hakimlər: Vüsal Əliyev, Rza Məmmədov, Namiq Hüseynov, Ramiz Məhərrəmov.
AFFA nümayəndəsi: Ramiz Abdullayev.
Hakim-inspektor: Şahin Cəfərov.
Lənkəran şəhər stadionu.
18:00. Neftçi – Bakı
Hakimlər: Fariz Yusifov, Knyaz Əmiraslanov, Azər Əsgərov, Nail Nağıyev.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
Bakı. "Bakcell Arena".
| 1 | Qarabağ | 12 | 8 | 3 | 1 | 24 | 7 | +17 | 27 |
| 2 | Neftçi | 12 | 7 | 4 | 1 | 18 | 8 | +10 | 25 |
| 3 | Qəbələ | 12 | 7 | 1 | 4 | 20 | 13 | +7 | 22 |
| 4 | Bakı | 12 | 5 | 3 | 4 | 21 | 14 | +7 | 18 |
| 5 | İnter | 12 | 5 | 1 | 6 | 21 | 18 | +3 | 16 |
| 6 | AZAL | 12 | 4 | 4 | 4 | 11 | 15 | –4 | 16 |
| 7 | Simurq | 12 | 3 | 5 | 4 | 11 | 12 | –1 | 14 |
| 8 | XL | 12 | 3 | 4 | 5 | 10 | 17 | –7 | 13 |
| 9 | Rəvan | 12 | 1 | 4 | 7 | 7 | 24 | –17 | 7 |
| 10 | Sumqayıt | 12 | 1 | 3 | 8 | 5 | 20 | –15 | 6 |
Bombardirlər:
6 - Əfran İsmayılov (Bakı).
5 - Vaqif Cavadov (İnter), Mindauqas Kalonas (Bakı), Reynaldo (Qarabağ), Baçana Sxadadze (İnter), Bahodır Nasimov (Neftçi), Nikolas Gelaşvili (Qarabağ).
4 - Rauf Əliyev (Bakı), Junior Nildo (Xəzər Lənkəran), Daniel Subotiç (Qəbələ), Çumbinyo (Qarabağ), Leonardo da Silva (Qəbələ).
