8 noyabr 2013 14:34
FIFA Emil Mpenzaya razılıq, Neftçiyə öhdəçilik verdi
Belçikanın “Eendracht Aalst” klubu “Neftçi”nin keçmiş hücumçusu Emil Mpenzanı heyətində oynatmaq barədə FIFA-dan razılıq alıb. Azerisport.az xəbər verir ki, FIFA hücumçunun Belçika klubunda oynaya bilməsi üçün Mpenzanın bütün lazımi sənədlərini müvafiq kluba yollamaq barədə “Neftçi”yə tapşırıq verib.
“FIFA qərara alıb ki, Mpenza “Eendracht Aalst” klubunda oynaya bilər. “Neftçi” oyunçunun bütün sənədlərini yollamağa borcludur. Bu, yeddi günə qədər çəkə bilər”, deyə Belçika klubunun baş məşqçisi Kris Yanssens yerli KİV-ə bildirib.
Xatırladaq ki, ötən ilin aprelində Mpenzanın agenti bildirmişdi ki, “Neftçi” hücumçu ilə müqaviləyə birtərəfli qayada xitam verib və bakılılar qalan 18 ay üçün futbolçuya 700 min dollar təzminat ödəməlidir. Ancaq klubdan futbolçunun öz istəyi ilə getdiyi barədə bildiriş sələnmiş və bütün lazımı sənədlər FIFA-ya göndərilmişdi. Ancaq nəticədə məlum olmuşdu ki, oyunçunun “Eendracht Aalst”la müqavilə bağladığı zaman onun azad agent olmasını təsdiq edən sənədlər yox idi. Belə ki, “Neftçi” ilə Mpenza arasında müqaviləyə birtərəfli qaydada xitam verilib.
