4 noyabr 2013 12:44
Rəşad Sadıqov: Qəbələnin bizə qol vurmasına hətta şadam
“Qarabağ”ın kapitanı Rəşad Sadıqov futbol üzrə Topaz Premyer Liqasının 12-ci turu çərçivəsində keçirilmiş “Qəbələ” ilə oyundan sonra azerisport.az saytının suallarını cavablayıb.
Görüşün sonu kifayət qədər gözlənilməz alındı.
Hələ 70-ci dəqiqəyə qədər hər şey sadəcə bizim xeyrimizə işləyirdi. Biz 4:0 irəlidə idik və elə təsəvvür yaranırdı ki, hər şey uğura doğru gedir. Ancaq cəmi beş dəqiqə ərzində rəqib bizi iki dəfə məyus edə bildi və bu, onlara oyuna nəzarəti ələ almaq imkanı verdi. Üçüncü qoldan sonra “Qəbələ” az qala bütün heyətlə irəli atılmışdı və dördüncü qolu vurmaq üçün hava ötürmələrinə ümid edirdilər. Ancaq xoşbəxtlikdən bunu edə bilmədilər.
Təxminən 15 dəqiqəyə üç qol buraxmaq sizi məyus etmədi?
Düzü, mən belə olmasına hətta sevinirəm. Belə çıxırdı ki, biz yenə asan qələbə qazanırıq. Ancaq “Qəbələ” göstərdi ki, vaxtından əvvəl arxayınlaşmaq olmaz. Düşünürəm ki, son 20 dəqiqə bizə yaxşı dərs oldu.
“Radar”ların daha çox qol vuracağını düşünmədiniz?
Futbolda belə şeylər olur ki, 4:0 irəlidəsən və bu an hər hansı arxayınlıq qaçılmazdır. Ancaq dediyim kimi, rəqibin qol vəziyyətlərində bəxt amili də öz işini gördü. Bütün bunlar onlara inam gətirdi.
Yenə də olsun, səbəb nədədir?
Müəyyən tərəfdən onların qolları uğurlu alındı. Üstəlik, bizim arxayınlığımız öz rolunu oynadı. Bundan sonra biz oyuna nəzarəti əldən verdik.
Ola bilərmi ki, Gelaşvilinin əvəzlənməsi ilə “Qəbələ”nin müdafiəsinə təzyiq yox oldu və bu, rəqibin işini kifayət qədər asanlaşdırdı?
Mən deməzdim ki, bu amil özünü göstərdi.
Ancaq qollar məhz əvəzetmələrdən sonra vuruldu.
Əvəzetmələr qollardan sonra baş verdi və bunda heç bir problem yoxdur.
