3 noyabr 2013 14:14
İqor Ponomaryov: Dəqiq bilirəm ki, millidən mənə təklif gəlməyəcək
Veteran futbolçu İqor Ponomaryov azerisport.az saytına müsahibəsində milli çempionatdan, Azərbaycan yığmasının hazırkı durumundan və baş məşqçi postuna namizədlərdən danışıb.
- Bakıda olduğunuz müddətdə milli çempionatı yaxından izləmək imkanınız var. Sizin fikrinizcə, niyə “Bakı”, “Xəzər Lənkəran”, İnter kimi komandalar hələlik ümidləri doğrultmur?
- Müəyyən mənada sizinlə razılaşıram. Favoritlərin bəziləri gözlənilən oyunu sərgiləmir. Digər tərəfdən, çempionatda zəif oyunlar qalmayıb. Əvvəllər autsayderlərlə oyuna rahat çıxıb qalib gəlmək olurdu. İndi bütün oyunlara köklənmək vacibdi. Asan oyunlar qalmayıb. Bəlkə də, buna görə komandaların zəif cəhətləri üzə çıxır. Zəif rəqiblər olanda komandaların səhvləri o qədər görünmürdü. İndi çempionatda komandaların səviyyəsi bərabərləşib. Ola bilər ki, bəzilərinin bəxti gətirmir. Amma oyun olmayanda bəxt barədə də danışmaq düz çıxmır.
- Çox vaxt adaptasiyadan danışırlar. Amma artıq çempionatda 2-ci dövrə gedir və uyğunlaşma prosesi başa çatmalıdı...
- Uyğunlaşma problemi deyil. Ola bilər, məşqçi onun tapşırığını yerinə yetirə biləcək futbolçunu görmür. İstənilən halda bizə gözləmək lazım gəlir. Turnir cədvəlinin ilk üç pilləsində qərarlaşan komandalar nisbətən inamlı təsir bağışlayır. Yəqin ki, əsas mübarizə onlar arasında olacaq. Amma hələ çox şey dəyişə bilər.
- Yığmadan danışmamaq mümkün deyil. Mətbuatda məlumat yayılıb ki, Berti Foqts gedir. Sizcə, indki halda kim millidə baş məşqçi işləyə bilər. Foqtsdan sonra yığmada işləmək risk sayıla bilərmi?
- Heç bir risk yoxdu. Yeni məşqçi öz dünyagörüşünü və baxışını gətirəcək. AFFA yığmada alman sistemi qurub. İndi düşünmək lazımdı - təkcə Foqtsu dəyişirlər, yoxsa bütün sistemi? Əgər bütün sistemi dəyişirlərsə, hər şey yenidən başlamaq lazım olacaq. Yox, yalnız məşqçi dəyişirsə, onda Foqtsu əvəzedəcək mütəxəssis onun işini davam etdirməlidi. Sistemi dəyişsələr, yeni istiqamət yaranacaq. Hər halda qərarı AFFA qəbul edəcək.
- Gəlin konkret danışaq. Hansı mütəxəssis millidə işləyə bilər?
- Çətin sualdı. Seçim böyük deyil. Ağasəlim Mircavadov var, Qurban Qurbanov var. Nazim Süleymanovu yaddan çıxartmaq olmaz. Süleymanov yenicə "Neftçi" ilə müqavilə imzaladı. Ona görə onun namizədliyi barədə danışmaq çətindi. Qurbanın komandası "Qarabağ" çempionatda liderlər qrupundadı. Mircavadov uzun müddət işləməməsinə baxmayaraq, böyük təcrübəyə və savada malikdi. Onun təcrübəsinə hər zaman ehtiyac var. Başqa kiminsə adını çəkmək çətindi.
- Qurban Qurbanovun namizədliyi barədə daha çox danışılır. Sizcə yığma karyerası alınmasa, bu ona pis təsir edə bilər?
- Əgər yerli məşqçi yığmada işləyəcəksə, federasiya ona yüksək səviyyədə şərait yaratmalıdı. Foqtsa yaradılan imkanlar onda olmalıdı. Şərait olmasa, nəticə də olmayacaq. Federasiya ona dəstək olmalıdı. Necə ki, Foqtsa dəstək olurdu.
- Sizə millidə işləməyi təklif etsələr, qərarınız nə olacaq?
- Mənə təklif etməyəcəklər. Dəqiq bilirəm. Bunun səbəbi də mənə malumdu. Amma o barədə danışmaq istəmirəm.
- Sizcə, yığma yeni seçmə mərhələdə hansı hədəflər uğrunda oynamalıdı?
- Kim deyir ki, bizdə yaxşı futbolçu yoxdu, onunla razı deyiləm. Milli seçmə mərhələdə qrupdan çıxmaq uğrunda yarışmalıdı. Şimali İrlandiyanın heyəti məgər o qədər güclüdü? İsrail də bizim kimi balaca ölkədi. Niyə biz bunu bacarmayaq? Yaxşı futbolçu yoxdu demək, ən asan çıxış yoludu.
- Əgər Foqtsun əvəzinə başqa əcnəbi məşqçi dəvət olunsa, nə olacaq?
- Həmin adam vaxt istəyəcək. Çünki, Azərbaycan futbolda Almaniya və ya İtaliya deyil. O bizim potensialı bilməlidi, futbolçuları tanımalıdı. Komandanın psixologiyasını öyrənməlidi. Məşqçi təyinatı çox mürəkkəb prosesdi. Hər şeyi dəqiq düşünmək lazımdı.
- Bəlkə milli Məşqçilər Şurasına tapşırılsın. Yaxın keçmişdə bu məsələ müzakirə olunurdu...
- Bu utopiyadı. Mən bunun əleyhinəyəm. Yalnış qərardı. Konkret bir nəfər qərar verən və hər şeyə cavabdeh baş məşqçi olmalıdı. Məşqçi Şurasında qərarlar üst-üstə düşməyə bilər. Baş məşqçi özü öz komandasını qurmalıdı.
