2 noyabr 2013 00:25
Rauf Əliyev: Sonda hər şey istədiyimiz kimi alınacaq
“Bakı”nın hücumçusu Rauf Əliyevin azerisport.az saytına müsahibəsi
- Yaxşı oyun oldu. Qələbə qazanmağa çox istəkli idik. “Simurq” hesab arasındakı fərqi azaldanda, bir az həyacanlandım. Şükürlər olsun ki, sonda yaxşı qurtardıq.
- 2-ci penalti epizodu bəziləri üçün müəmmalı qaldı. Bunu necə qiymətləndirək: qayda pozuntusu, yoxsa simulyasiya?
- Rəqibin cərimə meydançasında mənə toxunuş vardı. Düzü, heç vaxt elə-belə yıxılmaram. “Simurq”un futbolçuları 2 tərəfdən önümü kəsimşdilər. İnanmayanlar video-görüntüdən həmin anı izləyə bilərlər.
- Bundan öncə keçirilmiş “Rəvan”la matçda da sənə qarşı tez-tez kobudluq edilirdi...
- Mövqeyim daim mübarizə tələb edir. Ən azı, qarşında 2 müdafiəçi dayanır. “Rəvan”la oyunda həqiqətən də bilərəkdən mənə qarşı kobudluq olurdu. Bu matçda belə şey yox idi.
- Hesabda 3:1 öndə olarkən “Bakı”nın gənc qapıçısı kobud səhvə yol verərək, qapısından qol buraxdı. Siz bunu nə ilə əlaqələndirətdiniz?
- Hətta təcrübəli qapıçı hərdən elə uşaq səhvi edir ki, adamın inanmağı gəlmir. Elxan Əhmədov asan qol buraxdı. Amma nəzərə alaq ki, o, gəncdi. Təcrübəsi azdı. Belə qapıçılar adətən, oynaya-oynaya, səhv buraxa-buraxa püxtələşirlər. Allaha min şükür, onun matçın sonlarında buraxdığı səhv ümumi nəticəyə təsir etmədi.
- Son zamanlar komanda sabit çıxış etmir. Problem nədədi?
- Zədəli futbolçularımız var. Yeni gələnlər də yetərincədi. Oyunumuzu tam tapmaq üçün, zamana ehtiyacımız var. Əminəm ki, sonda hər şey istədiyimiz kimi alınacaq.
