1 noyabr 2013 15:55
Avropa üçün Bakı layihəsi
Bir qədər əvvəl “Bakı” futbol klubunun bazasında komandanın beş yeniyetmə futbolçusunun “Atletiko”nun düşərgəsinə yollanması ilə əlaqədar keçirilmiş tədbir başa çatıb. Azerisport.az xəbər verir ki, tədbirdə “Bakı”nın prezidenti Hafiz Məmmədov, Gənclər və idman naziri Azad Rəhimov, “Atletiko” təmsilçisi Emilio Qutyerres iştirak ediblər.
Bu strateji addımın məqsədlərindən biri yeniyetmə futbolçuların 2016-cı ildə Bakıda keçiriləcək Avropa çempionatında yeniyetmələrdən ibarət Azərbaycan yığmasında iştirakıdır.
“Biz Madridə hətta tərcüməçi də göndərmək istəyirdik, ancaq orada hər bir şərait yaradılıb”, deyə Məmmədov bildirib. Qutyerres isə əlavə edib ki, uşaqlara İspaniyada çox illər yaşamış xanım kömək edəcək. Bundan başqa uşaqların İspaniyada üç deyil, beş il olacağının mümkünlüyü də vurğulanıb. Təmsilçi belə bir layihənin yaxın gələcəkdə digər tərəfdaş “Lens” tərəfindən həyata keçiriləcəyinə inandığını da dilə gətirib. O, həm də bildirib ki, nəinki öz məktəbinin yetirmələri, həmçinin, ölkənin digər klublarından olan yeniyetmə futbolçularda maraqlıdırlar.
Yeri gəlmişkən, tezliklə “Atletiko” və “Lens”in formalarında Bakıda keçiriləcək Avropa oyunları-2015-in loqotipi və maskot əksini tapa bilər. “Sadəcə hələlik loqotip və maskot hazır deyil. Onların təqdimatı Noyabrın 23-də Bakı və Romada keçiriləcək”, deyə Azad Rəhimov bildirib.
Baxış üçün seçilmiş yeniyetmə oyunçulardan Asim Abdullazadə söz verib ki, İspaniyada ölkəmizi layiqincə təmsil edəcəklər.
“Biz bu layihə ilə fəxr edirik. Keçən il orada çinli uşaqların məşqini görmüşdük. İndi ora azərbaycanlı uşaqlar gedəcəklər”, deyə Hafiz Məmmədov buna şad olduğunu dilə gətirib.
“Atletiko” təmsilçisi Emilio Qutyerres yeniyetmə beşliyə “döşəkçilər”in əsas heyətinə düşmək yolunda uğurlar arzulayıb. “Siz mübarizə aparmalı və rəqabətə hazır olmalısınız”, deyə Qutyerres vurğulayıb.
“Belə ideyalar bütün Azərbaycan futbolunun inkişafı üçün çox vacibdir və 2005-2015-ci illərdə futbolun inkişafına dair proqrama daxildir. Əminəm ki, bu, hələ ilk qaranquşlardır. Əsas odur ki, uşaqlar İspaniyada Azərbaycanı təmsil etdiklərini unutmasınlar”, deyə Azad Rəhimov qeyd edib.
“Bizə bu layihədə kömək olan hər kəsə: ölkə rəhbərliyinə, bizə ilk addımlarımızdan dəstək olan Azad Rəhimova, Rövnəq Abdullayevə, Təhsil Nazirliyinə, “Atletiko” rəhbərliyinə təşəkkür edirəm”, deyə Hafiz Məmmədov tədbiri qapayıb.
