29 oktyabr 2013 13:42
Hakimi təhqir edən futbolçuya 4 oyunluq cəza verildi
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatının 11-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:
“Rəvan” – “Bakı” matçının 21-ci dəqiqəsində “Rəvan”ın futbolçusu Miloş Adamoviç hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb, klubu 2000 manat cərimə olunub. Oyunun 88-ci dəqiqəsində “Rəvan”ın futbolçusu Orxan Lalayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 100 manat cərimə olunub.
AZAL – “İnter” matçında AZAL-ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.
“Simurq” – “Neftçi” oyununun 59-cu dəqiqəsində “Neftçi”nin futbolçusu Tural Məmmədli idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 100 manat cərimə olunub. Oyunun 83-cü dəqiqəsində “Simurq”un futbolçusu Kənan Müslümov komanda yoldaşını təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyunluq cəzalanıb, klubu 1000 manat cərimə olunub.
