25 oktyabr 2013 17:00
Qurban Qurbanov: Nazim Süleymanovun təyinatını müsbət qarşılayıram
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Nazim Süleymanovun “Neftçi”nin baş məşqçisi postuna təyinatı haqda fikirlərini bölüşüb. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
“Neftçi”nin baş məşqçi qərargahının dəyişilməsi haqda şərh verə bilmərəm və bu haqda danışa bilmərəm. Klubun daxili işlərinə qarışmaq fikrim yoxdur. Belə dəyişikliklər hər bir komandada olur. Ancaq Süleymanovun təyinatı bir daha təsdiqləyir ki, bu klub yerli mütəxəssislərə etibar edir. “Neftçi” nəticələrlə yanaşı yerli mütəxəssislərin yetişdirilməsinə də diqqət ayırır. Bu, məni sevindirir. “Neftçi” kimi bir klubda işləmək istənilən məşqçi üçün böyük məsuliyyətdir. Onun təyinatını müsbət qarşılayıram. Nazim Süleymanovu ən yaxşı azərbaycanlı futbolçulardan və legionerlərdən biri hesab edirəm. Ona uğurlar arzu edirəm”.
