25 oktyabr 2013 11:15
“Qarabağ Lənkəranda qalib gələcək. Neftçi Simurqu uda bilməyəcək”
Futbol mütəxəssisi Elxan Abdullayev futbol üzrə Topaz premyer-liqasının 11-ci turu çərçivəsində keçiriləcək oyunlar barədə ehtimallarını azerisport.az saytına bildirib.
QƏBƏLƏ - SUMQAYIT
“Qəbələ” indi pis oynamır. Ötən turda səfətrdə “İnter”i məğlub edə bildilər. Bu, Syominin komandasına müsbət təsir edəcək. Düşünürəm ki, “radarlar” bu oyunda qalib gələcəklər.
RƏVAN - BAKI
“Rəvan”ın yeni baş məşqçinin rəhbərliyi altında məğlub olmasına baxmayaraq, bu, hələ heç nə demək deyil. “Bakı” isə son oyunda sadəcə olaraq oyunu “verdi”. Bu, komandada problemlərdən xəbər verir. Paytaxt təmsilçisi tez-tez qol buraxır. Düşünürəm ki, biz bu oyunda heç-heçə görəcəyik.
AZAL - İNTER
AZAL “İnter” üçün həmişə çətin rəqib sayılıb. “Bankirlər“ bu il heç özlərinə oxşamırlar. “Təyyarəçilər” isə son vaxtlar yaxşı oynayırlar. Hesab edirəm ki, AZAL qalib gələcək.
SİMURQ - NEFTÇİ
Bilmirəm kimin rəhbərliyi və hansı vəziyyətdə “Neftçi” bu oyuna çıxacaq. Məşqçi korpusunun istefasından sonra hər şey ola bilər. Düşünürəm ki, “Simurq”un xal almaq üçün gözəl imkanı var. Heç-heçəyə meylliyəm.
XƏZƏR LƏNKƏRAN - QARABAĞ
Ağdamlılar yaxşı vəziyyətdədir və bununla belə “Xəzər Lənkəran” üçün həmişə çətin rəqib olublar. Süzdü, lənkəranlılar Super kuboku əldə ediblər. Digər tərəfdən isə “Qarabağ” daha gümrah olacaq. Məlum olduğu kimi, bizdə heç də bütün komandalar həftədə iki oyun oynaya bilmir. Ehtimal edirəm ki, “atçılar” qalib gələcəklər.
Xatırladaq ki, Elxan Abdullayevin proqnozlarının “Topaz”da amili 61,88-dir.
