Böyükağa Hacıyev: Rəhbərlik tərəfindən qayıdışımla bağlı təklif olsa fikirləşərəm
Neftçinin prezidentinin müşaviri Böyükağa Hacıyev azerisport.az-a müsahibəsində Superkubokla və məşqçilər korpusunun istefasıyla bağlı danışıb:
"Komandamız Superkubokda zəif oynadı. Ötən il çempion olan, Azərbaycan Kubokunu qazanan komanda belə oynamamalıydı. Mövqelərdə səhvlərə yol verdik. Xəzər-Lənkəran bizdən yaxşı oynadı və layiqli olaraq Superkuboku qazandı. Neftçi potensialından aşağı oynadı. Pis başa düşülməsin, amma Neftçini tanımaq mümkün deyildi. Sanki komanda oynamırdı. Superkubok Neftçi üçün çox vacib idi. Bu oyunu uduzmaq olmazdı."
Neftçinin hər bir yarışda qələbə üçün oynadığını deyən Böyükağa Hacıyev məşqçilər korpusunun istefaya göndərilməsindən xəbəri olmadığını bildirdi: "Biz səhər 6-da Bakıya çatmışıq. Yorğunluğa görə bu gün bazada olmamışam. Bu mənada heç nədən xəbərim yoxdu. Superkubokdan sonra müəyyən məlumatlar mətbuatda yayılmışdı. Amma rəsmi qərardan xəbərin yoxdu."
Böyükağa Hacıyev Neftçiyə mümkün qayıdışından da danışdı. Onun sözlərinə görə bu məsələ müzakirə obyekti olmayıb: "Mənim qayıdışım müzakirə olunmayıb. Heç kim mənə bir söz deməyim. Komandanın kimə tapşırılacağı barədə klub prezidenti Sadıq Sadıqov qərar verəcək. Əgər rəsmi təklif olsa bu barədə fikirləşmək olar. "
