23 oktyabr 2013 00:27
Super matç!
Bu gün futbol üzrə Azərbaycan Super Kubokunun qalibi müəyyənləşəcək. Azerisport.az xəbər verir ki, qənimət uğrunda “Neftçi” və “Xəzər Lənkəran” mübarizə aparacaq.
Məlum olduğu kimi, Azərbaycan futbolunda “Neftçi” və “Xəzər Lənkəran” komandalarının qarşılaşmaları həmişə maraqlı alınır. Düzdü, bu oyun çoxlu qol vəd etməsə də, gərginlik həmişə son həddə olur. Lənkəranlıların çempionata uğursuz startı onları cuşa gətirə bilər. Axı belə həlledici oyuna həmişə köklənmək mümkündü. Rəqib prinsipial, son üç ilin çempionu və çempionatın lideri olduqda isə əlavə köklənmədən danışmağa dəyməz.
Con Toşakın çalışdırdığı kollektivlər həmişə kubok komandaları olub. Uelsli mütəxəssis ötən mövsüm bunu “Xəzər Lənkəran”da da təsdiqlədi. Çempionatı ikinci altılıqda tamalayan cənublular kubokun finalına yüksəldilər. Finalda cütün autsayderi olmasına baxmayaraq “Neftçi”yə inadla müqavimət göstərən lənkəranlılar yalnız penaltilər seriyasında məğlub oldular. İndi uelsli mütəxəssisin Azərbaycanda qənimət əldə etmək üçün daha bir şansı var. Yetirmələrinin qeyri-sabitliyini nəzərə alsaq, çempionluqdan dəm vurmaq çətin ki, alınsın. Ancaq Super Kubok haqda düşünmək olar.
Futbol Naxçıvana qayıda biləcəyi qədər bərk qayıdır. Hələ ki “İbrahimxəlil Axundlu” stadionunda birinci divizion oyunları keçirilir. “Araz Naxçıvan”ın liderliyi yerli azarkeşlərə gələn mövsüm “Neftçi” və “Xəzər Lənkəran”ın bura qənimət üçün deyil, qonaq qismində gələcəyi ümidlərini verir. Hələlik isə muxtar vilayətin qonaqları qarşılamaq hazırlığını görəcəyik.
Super Kubokun keçirilməsi haqda çox mübahisələr gedirdi. Kubok qalmaqalı, azarkeşlərin Lənkəranda həngaməsi yada salınırdı. Ancaq PFL rəhbəri Ramin Musayev bu oyunun keçirilməsi barədə öz qərarında qəti idi. Yeri gəlmişkən, o, Super Kubokun azərbaycanlı azarkeşlərə nə qədər maraqlı olması barədə sualı tamamilə cavablaya bilər?
Ötən mövsüm “Neftçi” üçün uğurlu alındı. Komanda çempionluqla yanaşı ölkə kubokunu qazandı və Avropa Liqasının qrup mərhələsində çıxış etdi. İndi onların qarşısında yeni tapşırıq - het-triki rəsmiləşdirmək qalır. Tərlan Əhmədovun isə komandanın baş məşqçisi kimi ilk qənimətini qazanmaq şansı var.
Azərbaycan Super Kuboku
23 oktyabr (çərşənbə)
15:00. Xəzər Lənkəran – Neftçi
İbrahimxəlil Axundlu adına Naxçıvan Muxtar Respublika stadionu.
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Vaqif Musayev, Rauf Cabbarov.
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Orxan Məmmədov.
AFFA nümayəndəsi: Şaiq Həmidov
Hakim-inspektor: Xaqani Məmmədov.
