20 oktyabr 2013 20:09
Milinko Pantiç: Nə edək ki, hakimlik normal olsun?
“Bakı”nın baş məşqçisi Milinko Pantiç Topaz Premyer Liqasının 10-cu turu çərçivəsində keçirilmiş AZAL ilə oyunu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt təmsilçisinin serbiyalı çalışdırıcısı 2:2 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Belə oyundan sonra sevinə bilmərəm. 2:0 irəlidə olan zaman rəqib hesabı bərabərləşdirdi. 90 dəqiqə ərzində bəxtimiz gətirmədi. Futbolçularım sona qədər mübarizə apardı. Növbəti dəfə həm mən, həm də yetirmələrim soyunub-geyinmə otağına girəndən sonra hakimlikdən narazılıqlarını bildirdilər. Dedilər ki, biz nə edək ki, hakimlik normal olsun? İdmançıyam, Azərbaycanın futboluna fayda vermək üçün bura gəlmişəm. Çox pis oluram ki, soyunub-geyinmə otağında 28-30 yaşlı futbolçularım mənə deyirlər ki, nə vaxta kimi bu, belə davam edəcək? Nə edək ki, bizə qarşı belə münasibət olmasın? Bura gəldiyim ilk gündən bəri hamı ilə yaxşı münasibətdə olmağa çalışıram. Bilmirəm nələr baş verir, günahım nədi? Bəlkə də keçmişdən bizim kluba qarşı nəsə qalıb? Həmişə futbolçularıma deyirəm ki, meydanda hakimə dəstək olsunlar, kömək etsinlər. İnsanıq, səhv ola bilər hər şeydə. Artıq kifayətdi, bilmirəm nə deyim, günah nədədi, səbəb nədi? Bu şeyləri bilmirəm. İşləyirik, məşqlərimizi davam etdiririk, hazırlaşırıq, sona qədər mübarizə aparırıq, amma bilmirəm nədi? Öz oyunçularımla fəxr hiss duyuram, nələri var idi bu gün meydançada qoydular. AZAL-ın qapıçısını da təbrik etmək istəyirəm. Həyatının ən yaxşı oyununu oynadı. Bundan yaxşı, məncə, mümkün deyil. Çempionat irəlidədi. İlk dövrədə AZAL-a məğlub olmuşduq. Bu gün heç-heçə elədik, 1 xal qazandıq, onlar da xal itirdi. Həm mən, həm də komandam sona qədər mübarizə aparacağıq, sona qədər futbol oynayacağıq. Heç nəyə baxmayaraq, üzümü hakimlərə tutub deyirəm ki, sona kimi onların dostu olacam, yaxınlıq edəcəm. Qalanları öz işidi, nə istəyirlər etsinlər. Elxan bu gün ilk oyununu keçirdi, çox yaxşı oynadı, yaxşı futbolçudu. Gələcəkdə də bir sıra gənc futbolçulara şans verməyi düşünürəm. Azərbaycan futbolundakı istedadları üzə çıxarmağa çalışacağam”.
