17 oktyabr 2013 11:30
"Aleksandr Səmədov bizlərə xas texnikasıyla ruslardan fərqlənir"
“Neftçi” klubunun sabiq baş məşqçisi Böyükağa Hacıyev Rusiya yığmasının gələn il Braziliyada keçiriləcək dünya çempionatında şanslarını qiymətləndirib. Azerisport.az saytına müsahibəsində o, Fabio Kapellonun komandasının planetin ən böyük futbol yarışında layiqli çıxış edə biləcəyinə ümidini ifadə edib:
“Rusiya millisi 12 il əvvəlki komanda deyil. Fabio Kapello yığmanı çox dəyişib. Əlbəttə, dünya çempionatına qədər hələ dəyişikliklər olacaq. Özü də bir sıra yoldaşlıq görüşləri keçirəcəklər. Mənim fikrimcə Kapellonun komandası mundialda yarımfinala qədər irəliləmək gücündədi. Bu yaxşı komandadı”.
Böyükağa Hacıyev Rusiya yığmasının heyətində çıxış edən Aleksandr Səmədovun oyununa da toxundu: “Səmədovun oyununda azərbaycanlı olduğu hiss olunur. Bizlərə xas texnikasıyla ruslardan fərqlənir. Əlbəttə, o rus futbol məktəbini keçib. Bununla belə bizlərə xas texnikaya sahib olduğu görünür. Yəqin, irsən keçib. Atası Gəncədən olan futbolçu ana Vətənini seçməsində problem axtarmaq lazım deyil. Səmədov ola bilər səhvən fikrini düz çatdırmayıb, amma ona qarşı münasibətdə diqqətli olmalıyıq. Rusiya yığmasının əsas heyət üzvu olması bizi sevindirməlidi”.
