16 oktyabr 2013 13:10
Elxan Məmmədov: Foqtsla yeni müqavilə 127 min dollarlıq mükafat kimi dezinformasiyadır
AFFA-nın baş katibi Elxan Məmmədov azerisport.az saytına müsahibəsində Azərbayvan - Rusiya oyununa öz qiymətini verməklə yanaşı, seçmə mərhələnin yekunları barədə danışıb və mükafat mövzusuna toxunub.
“Dörd gün qabaq Şimali İrlandiya ilə çətin oyuna rəğmən layiqli qələbə qazanmış yığmamız Rusiya ilə oyunda çox ləyaqətli görünürdü. Oyunçularımız döyüşkən əhvalda idi və ən əsası, məğlubiyyət üçün yox, qələbə üçün meydana çıxmışdılar”, deyə Məmmədov sözə başlayıb.
“Aydındı ki, Rusiya dünya çempionatına vəsiqəni demək olar ki, təmin etmişdi və bunu rəsmiləşdirmək qalırdı. Ancaq qonaqlar mərhələni major notda bitirmək fikrində idi. Kapello və futbolçular qələbə istəyirdi və KİV-ə müsahibələri buna sübutdu. Ancaq bunu həyata keçirmək onlara müyəssər olmadı”, deyə AFFA-nın baş katibi qeyd edib.
Məmmədov yığma oyunçularının xarakteri barədə danışıb: “Bir anı qeyd etmək istəyirəm: Bir neçə il qabaq Azərbaycan yığmasına 60-cı dəqiqədən sonra oynamaq müyəssər olmurdu. Bu vaxt kəsiyindən sonra biz çox qol buraxırdıq. Ancaq son beş-altı ildə komanda nəinki sona qədər oynayır, hətta qol vurur. Son iki görüşdə komanda son, hətta əlavə edilmiş dəqiqələrdə fərqlənib. Bu, bizim birliyi, xarakteri olan komandamız olmasına işarədi və bu, sevindirir”.
AFFA-nın baş katibi azarkeşlərin dəstəyi ilə bağlı da fikir bildirib: “Azarkeşlərin aktivliyi xoşuma gəldi. Oyunboyu və hətta komanda hesabda geri olarkən dəstək oldular. Əvvəllər buraxılmış qoldan sonra azarkeşlər yerində sakit oturardı. Dünən isə xarakter göstərdilər. Əlbəttə, Səmədova münasibətdə bir anlıq düzgün etmədilər, meydana yad əşyalar atıldı. Ancaq Aleksandr özü günahkardı. Müsahibə verəndə nə danışdığını bilmək, “cəzalandırmaq” tipli sərt kəlmələri ölçüb-biçmək gərək idi. Bəlkə də o belə deməyib, ancaq izləmək lazımdı ki, KİV sənin sözlərini dəyişməsin. Azarkeşlər onun müsahibəsini oxuyub və oyunda öz cavablarını dedilər”, deyə Məmmədov hesab edir.
Elxan Məmmədov oyunun kifayət qədər sakit məcrada keçdiyini düşünür: “AFFA və RFİ oyunun sakit keçməsi üçün azarkeşlərə müraciət ünvanlamışdı. Şadıq ki, problemlər olmadı. Bilirəm, biletləri olan bəzi azarkeşlər arenaya düşə bilməyiblər. Özləri günahkardı. Stadiona vaxtında gəlmək lazım idi. Futbolçular meydanda düzülüb himn səslənəndə stadiona necə daxil olmaq olar? Biletlərin üstündə oyuna bir saat qalmış stadiona gəlmək barədə yazılıb. “Bakcell Arena"nın turniketləri bir adamı səkkiz saniyə ərzində buraxa biləcək şəkildə qurulub. Bu vaxt ərzində o qədər adamı stadiona buraxmaq mümkünsüzdü”.
Məmmədov həmçinin mükafatlara da toxunub: “AFFA hələ Şimali İrlandiya və Rusiya ilə iki oyunun mükafat məbləği barədə bəyanat yaymayıb. Bu oyunları və mərhələni oyunçular yaxşı keçirib və mükafat alacaqlar. Təəssüf ki, Lüksemburqla oyunlarda və Şimali İrlandiya ilə səfər oyununda xallar itirdik. 15 xal yığa bilərdik”.
Baş katib həmçinin Berti Foqtsun Azərbaycan yığmasında gələcəyi ilə bağlı fikir səsləndirib: “Rusiya KİV-i bizim Foqtsla müqaviləni artıracağımıza dair şayiələr yayıb. Foqtsla yeni müqavilə Rusiya yığması üzərində qələbə təqdirində 127 min dollarlıq mükafat kimi dezinformasiyadı. Berti Foqtsun Azərbaycan yığmasında taleyini AFFA İcraiyyə komitəsi ilin sonunda müəyyənləşdirəcək”.
