15 oktyabr 2013 16:49
Vəli Qasımov: Azərbaycan 9-cu xalını qazansın, Rusiya isə mundiala yollansın
Veteran futbolçu Vəli Qasımov azerisport.az saytına müsahibəsində DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan - Rusiya oyunu haqda danışıb, Aleksandr Səmədovun qonşu ölkədə çıxış etməsini müsbət qiymətləndirib.
- Uzun müddət Rusiyada oynamısız. Maraqlıdı, bu gün Rusiya yığmasını necə xarakterizə edərdiniz?
- Rusiya Fabio Kapellonun dönəmində ən yaxşı vaxtlarından birini yaşayır. Bu komanda Azərbaycan millisindən güclüdü. Hər mövqedə oynayan yaxşı futbolçuları var. Əgər qrupda 1-ci yerdə gedirsə, nəsə söyləmək artıqdı. Bakıdakı oyunda Rusiyanı favorit saymaq da olar. Əlbəttə, bizim yığma evdə yaxşı oynadığından şanslar bərabərdi. Çünki, Rusiyaya mundiala yollanmaq üçün 1 xal da bəs edəcək.
- Azərbaycan millisi Rusiyanı məğlub edə bilər?
- Azərbaycan yığması sürpriz komandadı. Hər bir nəticə mümkündü. Amma unutmayaq ki, Azərbaycanda Rusiya yığmasının çoxlu sayda azarkeşi var. Kim nə deyir desin, reallıq budu. Rusiya sovet dönəmində birgə yaşadığımız ölkələrdən biridi. Bu mənada böyük yarışlarda Rusiyaya azarkeşlik edən çoxlu sayda yaşlı nəsil var. İstərdim, heç-heçə olsun. Azərbaycan 9-cu xalını qazansın, Rusiya da rahat mundiala yollansın.
- Bəziləri matç ərəfəsində Aleksandr Səmədovun Rusiya millisini seçməsinə mənfi reaksiya verir...
- Səmədov Rusiyada doğulub, valideynlərindən biri rusdu. Rusiya vətəndaşlığını daşıyır və qonşu ölkənin çempionatında çıxış edir. İstəmirəm ona qarşı təxribat olsun. Futbolçu özünə yaxın ölkənin komandasını seçib. Hazırda onun yaxşı formada olmasından danışmaq lazımdı. Niyə Azərbaycanı seçmədi - başqa söhbətin mövzusudu.
- Axı o bizim təklifdən imtina etdi?
- Bəlkə araşdıraq niyə Səmədov Azərbaycanı seçmədi? Bildiyimə görə, 1 dəfə Azərbaycana gəlmişdi, hətta təlim-məşqdə iştirak etmişdi. Amma sonradan qayıtdı və Rusiyanı seçdi. Onu vaxtında yığmaya cəlb etmək lazım idi. Artıq peşəkar futbolçu olandan sonra milliyə cəlb etmək düzgün deyil. Səmədovun Azərbaycan millisində oynamamasında futbolçu yox, onu milliyə cəlb edə bilməyənlər günahkardı. Biz fəxr etməliyik ki, soydaşımız Rusiya komandasında çıxış edir.
- Son müsahibəsində deyib ki, Azərbaycan futbolçularını cəzalandırmağa çalışacaq...
- Futbolçudu, ola bilər fikirləri təhrif olunub. Digər tərəfdən unutmamalıdı ki, doğma şəhərə gəlir. Azərbaycana yuxarıdan aşağı baxmaq olmaz. Şimali İrlandiya futbolçuları da çox danışırdılar, axırda onları Bakıdan xalsız yola saldıq. Bilmək olmaz, Azərbaycan millisi Rusiyaya da qalib gələ bilər. Etiraf edək ki, bizim komanda əhval-ruhiyyə yığmasıdı. Bilmək olmur hansı oyunu göstərəcəklər.
- Rusiyaya qarşı simpatiyanız hiss olunur...
- Gizlətmirəm ki, Rusiyanın mundiala getməsini istərdim. Azərbaycanda çoxlu sayda yaşlı azarkeşlər Avropa və dünya çempionatlarında Rusiyaya azarkeşlik edir. İnanın ki, Türkiyə kimi Rusiyanın da öz fanatları var. Hər halda uzun müddət sovetlər dönəmində bir ölkə olmuşuq.
- Şimali İrlandiya ilə oynadığımız kimi oynasaq, rəqibin işi yaxşı olmayacaq...
- Rusiya Şimali İrlandiya deyil. İkincisi, etiraf edək ki, Şimali İrlandiya ilə oyunun 1-ci hissəsində bəxt tərəfimizdə oldu. Rəqib yaratdığı çoxlu sayda qol şansından birini reallaşdırsaydı, hər şey başqa cur olacaqdı. 2-ci hissədə yaxşı oynadıq. Lakin Rusiya Şimali İrlandiya deyil ki, ilk hissədəki o qədər səhvlərdən imtina etsin.
- Sizcə futbolçularımıza vəd olunan pul mükafatı daha yaxşı oynamağa kömək edər?
- Mükafat artıqdı. Peşəkar idmançı bayrağı və Vətəni üçün oynayır. Mükafat almaqda pis heç nə yoxdu. Amma bu amil onları daha yaxşı oynamağa kömək edə bilməz. Stimul müəyyən anlarda yardımçı olur. Əsl idmançı ölkəsini təmsil etdiyi üçün qürur hissi yaşamalıdı.
- Rusiyadan 1 xal alsaq, Berti Foqtsun Azərbaycan qalması məsələsi müzakirə olunacaq, siz necə düşünürsünüz?
- Bu məsələdə mənim fikrim həlledici deyil. Azərbaycan xalqına qələbə lazımdı. Bu gün kim yığmanı inkişaf etdirə bilirsə, o da işləməlidi. Biz onsuzda böyük hədəflər uğrunda yarışmırıq. Ölkədə kifayət qədər rəqabətə davamlı oyunçu yoxdu. Fikrimcə yığmada azərbaycanlı məşqçi işləsə, daha yaxşı olar. Amma bir şərtlə. Foqtsa yaradılan şərait öz məşqçimizə də yaradılmalıdı. Mən azərbaycanlı məşqçinin millidə işləməsini istəyirəm.
