4 noyabr 2013 11:47

“Rio olimpiadasında özümü finalda görürəm”

Ölkəmizin tanınmış peşəkar boksçu Fariz Məmmədov Rio olimpiadasında iştirak etməyə qərar verib. AİBA-nın daxilində yaradılmış yeni liqa onun istəyini daha artırıb. Azerisport.az saytına müsahibəsində, titullu idmançı qarşıdakı planlarından danışıb, əməkdaşımızın suallarını ətraflı cavablandırıb:
 
- Ötən ay KİV nümayəndələri ilə görüşdə Rio-2016 qatılmaq niyyətində olduğunuzu açıqladınız. Maraqlıdır, bu fikir sizdə nə vaxt yarandı? 
- Həyatda həmişə çalışmışam ki, kiminsə bacarmadığını edim. Bildiyiniz kimi, Azərbaycanın ilk peşəkar boksçusuyam. 2 versiya üzrə qızıl kəməri də mən almışam. Allaha şükür, indi xeyli davamçım var. Onlardan rusiyada yaşayanlar da var. Statistikaya nəzər yetirdim. Gördüm ki, bizdə olimpiadaların tarixində finala çıxan olmayıb. Fikirləşib, özüm-özümə dedim: niyə də, mən olmayım? Bu istək məndə yaranıb, var. Hər gün bunu yaşayıram. Çox istərdim ki, Rio olimpiadasına qatılım. Orada iştirak etsəm, finala çıxacağımı əminəm.
 
- Həvəskar boksda hansı çəkidə çıxış etməyi planlaşdırırsınız?
- Peşəkar rinqdə mübarizəyə 66,7 kq çəkidə çıxıram. Həvəskar boksda 69 kq-da çıxış edəcəyəm. Bir Almaniya klubu ilə müqaviləm var. Anlaşma gələn il bitir. Fikrim budur ki, ondan sonra AİBA-nın peşəkar liqasında iştirak edəm. Artıq bu istiqamətdə mənə təkliflər də var. Bunu məmnuniyətlə qəbul etmişəm.
 
- Çox güman, bundan sonra bizdə peşəkar boksda yenidən canlanma yaranar.
-  Şübhəsiz. Amma indi etiraf etməliyik ki, peşəkar boks anlayışı ölkəmizdə hələ bişməyib. Bir də, tez-tez Avropaya gedib, orada döyüşmək məni yorur. Lakin bu vaxt ərzində peşəkar rinqdə döyüşməkdən peşman deyiləm. Sadəcə, indi AİBA-nın tam peşəkar səviyyəyə uyğundur: baş geyimi götürülüb, qaydalar dəyişdirilib. Səmimi deyirəm, dünənə kimi özümü həvəskar boksda görmürdüm. Ancaq indi vəziyyət fərqlidir. Həvəskar boksun öz peşəkar liqası var.
 
- Fariz, Rio olimpiadasında finala çıxmaq üçün, ilk növbədə həmin oyunlara vəsiqə qazanmaq lazımdır. Bu istiqamətdə özəl hazırlıq planınız varmı?
- AİBA-nın peşəkar liqasında yaxşı xal yığmaq lazımdır. Fikrimcə, bacaracağam. Ömrüm boyu 6, 8 və 12 raundluq döyüşlər keçirmişəm. Ona görə, bu liqada mübarizə aparmaq mənə asan gələcək. Təbii ki, lisenziya qazanılması baxımından da. Burada  mənə qaranlıq qalan, qəribə gələn bir məsələ var: AİBA-nın peşəkar liqasında 6-8 raunddan ibarət görüşlərə, olimpiadada isə 3 hissəlik döyüşə çıxırsan. Bir də, bilmirsən bu layihə nə qədər sürəcək. Davamlı olacaqsa, yoxsa müvəqqəti.
 
- Razılaşın ki, indi bu vəziyyət xeyrinizə işləyən məqamdır.
- Şübhəsiz. Amma gəlin razılaşaq ki, hər növün öz incəlikləri var. Mən buna hörmətlə yanaşıram. 3 raundluq qarşılaşmalarda fərqli taktika ilə mübarizə aparmalısan. Buna hazır olmaq lazımdır.
Yenə vurğulayıram: Rio olimpiadasında final mənimdir. Ona görə yox ki, güclü boksçuyam. Əstəğfürullah. Azərbaycanda səviyyəli boksçular yetərincədir. Sadəcə, içimdə buna əminlik var. Axı, niyə olmasın?! Dövlətin idmana böyük qayğısı var. Beledə, bizim bu etimadı doğrultmağa haqqımız çatmır. Gələn qonaqlar, idmançılar bizdə yaradılan yüksək şəraitlə tanış olandan sonra, öz yaxınları ilə mobil telefonla danışanda, eşidirəm; deyirlər ki, Azərbaycanda hər rayonda olimpiya kompleksi var. Bunu duyunca, ölkəmizlə fəxr edirəm.
 
- Həvəskarlardan ibarət milli komandanın təlim-məşqlərinə qatılmaq fikrinizdə varmı?
- Mən bu yolu 1999-cu ildə keçmişəm. 2 mövsüm yığma komandanın üzvü olmuşam. Olimpiya liseziyalı yarışlarda iştirak etmişəm. Səmimi deyirəm: həvəskar boksu sevmirəm. O vaxtı da sevməmişəm. Sadəcə, məcbur idim.
 
- Hər halda, olimpiya təsnifatlı yarışlara qoşulmaq üçün, gərək, daxili rəqabətdə öz çəkinizdə birinci olasınız.
- Mən öz çəkimdə birbaşa birinciyəm (gülür).
 
- Fariz, Rio-2016-ya gedən yolun biri Bakıdan keçir. Çox güman, ilk Avropa oyunlarında mubarizə aparacaqsınız. Nəzərə alaq ki, bu olimpiada lisenziya verəcək, doqma divarlar arasında keçiriləcək. Əksər idmançılar Vətəndə özünü sübut etmək istəyəcək…
- Təbii. Bu, hər bir azərbaycanlı idmançıya gözəl fürsətdir və mən də bunu lazımınca dəyərləndirəcəyəm. Necə ki, 7 illik fasilədən sonra böyük idmana qayıtdım. Bir ay keçməmiş, rəqibimi elan etdim və həmin erməni boksçu oldu. Görün, bu nə qədər riskli idi. Amma özümdə olan əminlik, arxayınlıq sonra qələbə qazanmağıma səsbə oldu. 

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.