19 oktyabr 2013 16:39
Cavid Çələbiyevdən DÇ-də 2-ci qələbə
Qazaxıstanın Almatı şəhərində keçirilən usta boksçular arasında dünya çempionatı davam edir. Azerisport.az xəbər verir ki, bu gün 3 təmsilçimizdən mübarizəyə ilk qoşulan Cavid Çələbiyev (56 kq) monqolustanlı həmkarı Tuqsqot Nayambayarla görüşüb.
Gərgin döyüşdə həmyerlimiz London olimpiadasının finalçısını üstələyərək, yarışda 2-ci qələbəsini qazanıb. Növbəti mərhələdə boksçumuz keniyalı Benson Ncancirlə qarşılaşacaq.
Axşam döyüşlərində nəhayət, Avropa çempionumuz Salman Əlizadə (49 kq) də mübərizəyə qoşulacaq. O, «A» rinqində bolqarıstanlı Georgi Andovla münasibətini aydınlaşdıracaq.
Elə bu rinqdə Sultan Migitinov (75 kq) növbəti cəhdini edəcək. Təcrübəli idmançımız qalib gəlmək üçün, soyuqqanlı olmalıdır. Çünki yerli publika həmyerliləri Canıbəy Alimxanulu dəstəkləyəcək.
