7 iyul 2013 01:08
Qəbələ - Fənərbaxça matçı ilə bağlı mətbuat konfransı keçirildi
Ötən gün "Qafqaz Sport Oteli"nin konfrans zalında "Qəbələ" - "Fənərbaxça" boks matçı və "Qəbələ" boks komandasının yeni baş məşqçisi, kubalı mütəxəssis Lazaro Martinez Ximenezin təqdimatı ilə bağlı mətbuat konfransı keçirilib. Azerisport.az xəbər verir ki, konfransda “Qəbələ” İdman Klubunun boks bölməsinin rəhbəri Fariz Məmmədov, “Fənərbaxça” İdman Klubunun boks bölməsinin rəhbəri Mərt Öztəməl, “Qəbələ” boks komandasının kubalı baş məşqçisi Lazaro Martines və “Fənərbaxça”nın boks komandasının baş məşqçisi Süleyman Öztürk iştirak edib.
Öncə suallar Fariz Məmmədova verilib. O, “Fənərbaxça” ilə görüşün təşəbbüskarının kim olduğunu açıqlayıb: “Fənərbaxça” ilə sıx əlaqələrimiz var. Onlar tərəfindən bizə deyilmişdi ki, əgər dəvət olunarıqsa, ölkənizə təşrif buyurarıq. Açığı, bu oyunun keçirilməsi təşəbbüsü Türkiyənin beynəlxalq dərəcəli hakimi Kibar Tatar tərəfindən bizə irəli sürüldü. Biz də məmnuniyyətlə bu görüşü keçirməyə razılıq verdik. 5 aydır ki, boks bölməmiz yaradılıb. Boksçularımız bir yerdə məşq etdiyim uşaqlar idi. Bəziləri ilə məşqlər zamanı sınaqçı rəqib olmuşdum. Onlar buna qədər heç bir klubun şərəfini qorumayıb. Biz yeni baş məşqçimiz ilə 1 illik müqavilə bağlamışıq. Ancaq yaxşı nəticə göstərərsə, gələcəkdə müqaviləsinin müddətini artıra bilərik”.
3 dəfə ayrı-ayrı vaxtlarda yetirməsi olimpiya çempionu olan kubalı baş məşqçi Lazaro Martines isə ölkəmizə gəlməkdən məmnun olduğunu və burda istedadlı boksçuların olduğunu bildirib: “Mən bu komandaya yeni təyin olunmuşam. Çox istedadlı boksçularımız var. Çox həvəslidirlər. İlk dəfədir ki, belə psixoloji cəhətdən möhkən komanda görürəm. Əvvəllər bu komandada çoxlu işlər görülüb. Biz də bu işi davam etdirəcəyik. Biz Braziliyada keçiriləcək olimpiadaya boksçu vermək istəyirik. Fariz Məmmədova gəlincə, dekabrda o, Almaniya çempionu ilə döyüşəcək. Bu döyüş Azərbaycanda keçiriləcək”.
Süleyman Öztürk isə öz növbəsində bu görüşün hər iki ölkə idmanı üçün xeyirli olacağını söyləyib: “Bizim idmançılarımız rəqibi heç vaxt kiçiltməz. Bu üzdən elə sanmayın ki, boksçularımız daha az təcrübəsi olan rəqibimizə yuxarıdan aşağı baxacaq. Biz hər döyüşə ciddi yanaşırıq. Yoldaşlıq görüşü olduğuna görə, heç-heçə olacaqmı? Biz var-gücümüzlə döyüşəcəyik. Gələcəkdə “Fənərbaxça”da azəri boksçunun olması mümkündür. Ancaq hələ ki yerli aşağı yaş qruplarında çıxmış idmançılarımıza güvənirik”.
Qeyd edək ki, "Qəbələ" - "Fənərbaxça" boks matçı bu gün keçiriləcək.
