30 may 2013 19:15
Millimiz Qazaxıstandan 2 medal ilə qayıtdı
Qazaxıstanın Pavlodar şəhərində Əməkdar Məşqçi Rafael Vahidovun şərəfinə keçirilmiş boks üzrə beynəlxalq turnir başa çatıb. Azerisport.az xəbər verir ki, yarışda yerli idmançılarla yanaşı, Azərbaycan, Rusiya, Ukrayna, Özbəkistan, Qırğızıstan, İraq, Monqolustan, Suriya və Tacikistan komandaları da iştirak ediblər.
Turnirdə ölkəmizi Rəhim Allahverdiyevin rəhbərliyi altında “Qızıl Əlcək” klubunun boksçuları – Kamran Orucov (56 kq), Salman İbrahimov (64 kq), Qorxmaz Vəliyev (81 kq), Toğrul İsayev, Vətən Hüseynli (hər ikisi 91 kq) və İlqar Allahverdiyev (91 kq-dan yuxarı) təmsil ediblər.
Komandamız yarışı bir gümüş və bir bürünc medalla başa vurub. London Olimpiadasının iştirakçısı Vətən Hüseynlinin ilk dəfə 91 kiloqram çəki dərəcəsində çıxış etməsinə baxmayaraq, boksçumuz yalnız finalda uduzaraq gümüş medalla kifayətlənib. Toğrul İsayev isə yarışı 3-cü yerdə başa vurub.
