9 aprel 2013 14:59
Azərbaycan birinciliyinə yekun vuruldu
Hövsan Olimpiya İdman Kompleksində gənclər arasında keçirilən boks üzrə Azərbaycan birinciliyinə yekun vurulub. Azerisport.az xəbər verir ki, yarışda respublikamızın müxtəlif şəhər və rayonlarından 200-dək idmançı qələbə uğrunda mübarizə aparıb.
Bu il böyüklər arasında ölkə çempionatında gümüş medal qazanan Münasib Məmmədov (49 kq) gənclərin yarışında hamıdan güclü olub. O, finalda Cavid Daşov üzərində 12:6 hesabı ilə qələbə qazanıb. Qeyd edək ki, M.Məmmədov bu ilin fevralında Bolqarıstanda keçirilən böyüklər arasında “Strandja” turnirində də ikinci olmuşdu.
Yeniyetmələr arasında Avropa birinciliyinin bürünc mükafatçısı Elnur Şəfizadə (52 kq) ilə müxtəlif beynəlxalq yarışların qalibi Məsud Yusifzadənin döyüşü böyük maraqla gözlənilirdi. Ancaq E.Şəfizadə zədələndiyindən final görüşünə çıxmayıb.
Yeniyetmələr arasında dünya birinciliyinin gümüş mükafatçısı Orxan Mayıllı (75 kq) həlledici görüşdə gözlənilmədən Nəbi Bağırova uduzub – 7:12. Avropa birinciliyinin daha bir mükafatçısı Rahil Məmmədli (81 kq) finalda Emil Mövsümzadəyə uduzub – 16:21.
Digər çəki dərəcələrində isə Nəsrəddin Məmmədov (56 kq), Valeh Ramazanov (60 kq), Cavid Quliyev (64 kq), İlqar Mirzəyev (69 kq), Sadıq Səmədov (91 kq) və David Pirxiyev (91 kq-dan yuxarı) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
