1 aprel 2013 13:46
Azərbaycan Ukraynada 5-ci oldu
Ukraynanın Xerson şəhərində Nikolay Manqerin xatirəsinə həsr olunmuş boks üzrə beynəlxalq turnirə yekun vurulub. Azerispot.az xəbər verir ki, Azərbaycan milli komandası yarışda 1 qızıl və 1 bürünc medal qazanıb.
Yarışda 56 kiloqram çəki dərəcəsində mübarizə aparan Cavid Çələbiyev bütün rəqibləri üzərində qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Boksçumuz yarımfinalda Ukrayna komandasının üzvü Oleq Prudkini 12:10 hesabı ilə məğlub edib. Finalda isə boksçumuzun rəqibi qırğızıstanlı Meder Mamakeyev olub. Bu dəfə də daha yaxşı döyüş nümayiş etdirən həmyerlimiz 11:10 hesabı ilə qələbə qazanıb.
Turnirdə 91 kiloqramdan yuxarı çəki dərəcəsindəki təmsilçimiz Kamran Mehdiyev isə yarışı üçüncü pillədə başa vurub. O, yarımfinalda Qazaxıstan idmançısı Jan Kosobutskiyə uduzub.
Millimiz 1 qızıl və 1 bürünc medalla ümumkomanda hesabında beşinci yeri tutub.
