31 mart 2013 00:25
Baku Fires WSB Liqasında çıxışını baş vurdu
Martın 30-da “Sərhədçi” Olimpiya İdman Mərkəzində Dünya Boks Seriyası (WSB) Liqasının dörddəbir final mərhələsinin cavab qarşılaşması keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycanın “Baku Fires” komandası Ukraynanın “Ukraine Otamans” kollektivini qəbul edib.
Bir həftə əvvəl Kiyevdə keçirilmiş görüşdə “Baku Fires” 0:5 hesabı ilə məğlub olmuşdu. Əgər bu dəfə matç 5:0 hesabı ilə komandamızın xeyrinə başa çatsaydı, o zaman 73 kiloqram çəki dərəcəsində əlavə - 6-cı döyüş keçiriləcəkdi.
Cavab qarşılaşmasında Məhəmməd Qurbanov (54 kq, “Baku Fires”) Aleksandr Riskana (“Ukraine Otamans”), Nikolay Veselov (73 kq) Aleksandr Stretskiyə, Ramazan Məhəmmədov (85 kq) Sergey Lapinə, Əbdülqədir Abdullayev (91 kq-dan yuxarı) Dmitri Rudenkiyə qalib gəlib. Lakin Albert Səlimov (61 kq, “Baku Fires”) Vasili Lomaçenkoya məğlub olub.
Beləliklə, görüş 4:1 hesabı ilə “Baku Fires”in xeyrinə başa çatıb. Ancaq bu qələbə komandamızın mərhələ adlaması üçün yetərli olmayıb. Nəticədə, “Baku Fires” WSB Liqası yarışlarında iştirakını dayandırıb.
