27 mart 2013 15:59
Baku Fires - Ukraine Otamans: heyətlər açıqlandı
Martın 30-da “Sərhədçi” Olimpiya İdman Mərkəzində Dünya Boks Seriyası (WSB) Liqasının 1\4 final mərhələsinin cavab qarşılaşması keçiriləcək. Azerisport.az xəbər verir ki, Azərbaycanın “Baku Fires” klubu “Ukraine Otamans” komandasını qəbul edəcək.
Bir həftə əvvəl Kiyevdə keçirilən görüşdə “Baku Fires” 0:5 hesabı ilə məğlub olmuşdu. Əgər bu dəfə matç 5:0 komandamızın xeyrinə başa çatsa, o zaman 73 kq çəki dərəcəsində əlavə - 6-cı döyüş keçiriləcək.
Artıq komandaların heyətləri müəyyənləşib. Belə ki, Məhəmməd Qurbanov (“Baku Fires”, 54 kq) Aleksandr Riskanla (“Ukraine Otamans”), Albert Səlimov (61 kq) Vasili Lomaçenko ilə, Nikolay Veselov (73 kq) Aleksandr Stretski ilə, Ramazan Məhəmmədov (85 kq) Sergey Lapinlə, Əbdülqədir Abdullayev (91 kq-dan yuxarı) Dmitri Rudenki ilə, Jaba Xositaşvili (73 kq) Yevgeni Barabanovla qarşılaşacaq.
Ukrayna komandasının heyətində ən tanınmış boksçu ikiqat dünya və Avropa çempionu V.Lomaçenkodu. Onun 2007-ci ilin dünya çempionu Albert Səlimovla döyüşü günün əsas qarşılaşması olacaq. Qeyd edək ki, V.Lomaçenko 2009-cu ildə Milanda keçirilən mundialda qızıl medal qazananda A.Səlimov bürünc mükafatın sahibi olmuşdu. A.Səlimov 2007-ci ilin dünya çempionatında V.Lomaçenkonu məğlub etsə də, Pekin Olimpiadasında ilk görüşdəcə ona uduzmuşdu. Ukrayna idmançısı bu mövsüm WSB liqasında keçirdiyi hər 3 döyüşdə qələbə qazanıb.
