23 mart 2013 12:40
Təmsilçimiz darmadağınla üzləşdi (VİDEO)
Ötən gecə Ukraynanın Kiyev şəhərindəki İdman Sarayında Dünya Boks Seriyasının (WSB) 1/4 final mərhələsinin ilk görüşündə Azərbaycanın “Baku Fires” klubu “Ukraine Otamans” komandasının qonağı olub. Azerisport.az xəbər verir ki, Ukrayna klubu B qrupunda 4-cü yeri tutmaqla pley-off mərhələsinə vəsiqə qazanmışdı.
“Baku Fires” isə A qrupunu birinci pillədə başa vurmuşdu. Amma təəssüf ki, Azərbaycan təmsilçisi bu görüşdə daha güclü olduğunu sübut edə bilməyib. Əksinə, Ukrayna klubu 5:0 hesablı darmadağına sevinib.
Belə ki, Mikola Butsenko (54 kq, “Ukraine Otamans”) Qairbek Qermaxanovla (“Baku Fires”), Denis Berinçik (61 kq) Xurşid Tocibayevlə, Dmitro Mitrofanov (73 kq) Xaybulla Musalovla, Aleksandr Qvozdik (85 kq) Vladimir Keleşlə, Dmitro Rudenki (91 kq-dan yuxarı) isə Məhəmmədrəsul Məcidovla qarşılaşmadan qalib ayrılıb.
Qeyd edək ki, “Baku Fires” və “Ukraine Otamans” klubları arasında cavab görüşü martın 30-da “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçiriləcək.
