5 mart 2013 13:14
Bakıda keçiriləcək turnirdə 11 ölkə təmsilçisi mübarizə aparacaq
Martın 6-da Bakı İdman Sarayında boks üzrə “İpək yolu” ənənəvi beynəlxalq turnirə başlayacaq. Azerisport.az xəbər verir ki, martın 10-dək davam edəcək yarışda 11 ölkənin idmançıları mübarizə aparacaq.
Azərbaycan boksçuları ilə yanaşı, Gürcüstan, Qazaxıstan, Fransa, Özbəkistan, Türkmənistan, İran, Rusiya, Türkiyə, Ukrayna və Qətərin dəri əlcək ustaları öz bacarıqlarını nümayiş etdirəcəklər.
Komandamız yarışdan əvvəl Qazaxıstan və Gürcüstan boksçuları ilə birgə Lənkəranda təlim-məşq toplanışında olub. Bu dəfə millimizin heyətində bütün adlı-sanlı idmançıların çıxış etməsi gözlənilir. Dünya çempionu, Olimpiya oyunlarının bürünc mükafatçısı Məhəmmədrəsul Məcidov, 2010-cu ilin Avropa çempionatının gümüş mükafatçısı Elvin Məmişzadə, Olimpiya oyunlarının iştirakçısı Heybətulla Hacəliyev kimi idmançılar yarışda iştirak edəcəklər.
Avropa çempionu, London Olimpiadasının bürünc mükafatçısı Teymur Məmmədov bu yaxınlarda Qazaxıstanda keçirilən turnirdə qolundan zədə aldığından o, yarışı kənardan izləyəcək.
