4 mart 2013 17:27
Azərbaycan yığmasından parlaq zəfər!
Qadınlardan ibarət boks üzrə milli komandamız Almaniyanın Hamburq şəhərində keçirilən beynəlxalq turnirində uğurla çıxış edib. Azerisport.az xəbər verir ki, yarışda 12 ölkənin 130 boksçusu qələbə uğrunda mübarizə aparıb.
Avropanın qadın boksunda güclü ənənələri olan İsveç, Norveç, Polşa, Danimarka, Türkiyə, Avstriya və Çexiya kimi ölkələrin idmançıları bu yarışda iştirak ediblər. Komandamız Hamburqda uğurla çıxış edərək 3 qızıl, 2 gümüş və 1 bürünc medala sahib olub. 51 kq çəki dərəcəsində mübarizə aparan Əzizə Abbasova bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Leyla Cavadova da (75 kq) komanda yoldaşının uğurunu təkrarlayaraq, Almaniyadan vətənə qızıl medalla dönüb. Yeniyetmələrin yarışında 81+kq çəki dərəcəsində Alina Hacıyeva da bütün görüşlərini qələbə ilə başa vurub. Qeyd edək ki, Abbasova və Cavadovanın yarımfinal döyüşləri daha çox yadda qalan olub. Əzizə yarımfinalda İsveç, Cavadova isə Çexiya idmançıları üzərində əzmkar qələbə qazanıblar. 48 kq çəki dərəcəsindəki təmsilçimiz Ceyran Dadaşova və Aynur Rzayeva (81+kq) yalnız finalda uduzaraq, 2-ci nəticə göstəriblər. Anaxanım Ağayeva (51 kq) yarımfinalda Norveç boksçusuna məğlub olaraq, 3-cü yerlə kifayətlənib.
