18 fevral 2013 12:03
Yığmamızın beynəlxalq turnir üçün heyəti açıqlandı
Azərbaycan boksçuları Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək ənənəvi “Strandja” turnirində iştirak edəcək. Azerisport.az xəbər verir ki, fevralın 20-dən 23-dək davam edəcək yarışda Bolqarıstan, Belarus, Qazaxıstan, Braziliya, İtaliya, Rusiya, Ukrayna, Özbəkistan komandalarının iştirak etməsi gözlənilir.
Avropanın ən qədim boks turniri hesab olunan “Strandja”da 5 idmançımız qələbə uğrunda mübarizə aparacaq. Millimizin heyətində ən təcrübəli boksçu gənclər arasında dünya birinciliyinin bürünc mükafatçısı, Yeniyetmələrin ilk Olimpiya oyunlarının finalçısı Elvin İsayevdir. 60 kq çəki dərəcəsində mübarizə aparan boksçumuz ötən il Rusiyanın Kalininqrad şəhərində keçirilmiş 19-22 yaşlıların Avropa çempionatının qalibi olmuşdu. Bolqarıstanda ölkəmizi hakim kimi Nazim Mirhüseynov təmsil edəcək.
Komandamızın heyəti
49 kq – Münasib Məmmədov – Azərbaycan çempionatının finalçısı (2013)
52 kq – Əbdürrəhman Şirinov – Azərbaycan çempionatının finalçısı (2013)
56 kq – Cavid Çələbiyev – Azərbaycan çempionatının bürünc mükafatçısı (2013), Neft Ölkələrinin dünya kubokunun qalibi (2011)
60 kq – Elvin İsayev – Azərbaycan çempionatının finalçısı (2013), 19-22 yaşlılar arasında Avropa çempionu (2012)
69 kq – Bəhruz Babayev – Azərbaycan çempionatının finalçısı (2013)
