15 dekabr 2012 01:27
Təmsilçilərimiz AÇ-də ən azı bürünc medalı təmin etdilər
Rusiyanın Kalininqrad şəhərində 19-22 yaşlılar arasında boks üzrə Avropa çempionatı davam edir. Azerisport.az xəbər verir ki, ötən gün boksçularımızdan 64 kq çəki dərəcəsində mübarizə aparan Heybətulla Hacəliyev ikinci döyüşünü keçirib.
Avropa çempionatının bürünc mükafatçısı Belarus təmsilçisi Aleksey Qaletiç üzərində çətin qələbə qazanıb - 20:19. Bu qələbədən sonra yarımfinala vəsiqə qazanan Hacəliyev ən azı bürünc medalı özünə təmin edib. Onun finala gedən yolda rəqibi Rusiya nümayəndəsi Avak Uzlyan olacaq.
Axşam proqramında isə boksçularımızdan Salman Əlizadə (52 kq) rinqə çıxıb. Avropa çempionumuz fransalı Eli Konki ilə üz-üzə gəlib. Salman Əlizadə fransalı rəqibi üzərində asan qələbə qazanıb - 25:13. Boksçumuz bu qələbədən sonra yarımfinala vəsiqəni rəsmiləşdirib. Həmyerlimiz finala yüksəlmək üçün almaniyalı Hamza Touba ilə döyüşəcək.
Xatırladaq ki, Əlizadə bu il Trabzonda keçirilən Avropa Olimpiya təsnifat turnirində bu boksçuya məğlub olmuşdu. Beləliklə, Heybətulla Hacəliyevdən sonra Salman Əlizadə də azı bürünc medalı özünə təmin edib.
