12 dekabr 2012 18:19
Azərbaycanlı boksçu erməni rəqibi üzərində qələbə qazandı
Rusiyanın Kalininqrad şəhərində boks üzrə 19-22 yaşlılar arasında Avropa çempionatı davam edir. Azerisport.az xəbər verir ki, bu gün boksçularımızdan ilk olaraq 60 kq çəki dərəcəsində mübarizə aparan Elvin İsayev rinqə çıxıb.
O, erməni rəqibi Hovanes Baçkovu 17:14 hesabı ilə məğlub edib. Beləliklə, milli komandamızın üzvü 1/4 finala vəsiqə qazanıb.
Digər boksçumuz Tamerlan Abdullayev (69 kq) isə litvalı Riçardas Kunçaitisə 12:13 hesabı ilə uduzub. Yığmamızın baş məşqçisi Nəriman Abdullayevin verdiyi məlumata görə, boksçumuz bu görüşdə pis təsir bağışlamayıb. Sadəcə hakimlərin qeyri-obyektiv qərarları səbəbindən həmyerlimiz mübarizəni dayandırmalı olub.
Bu gün yarışda daha bir boksçumuz ilk görüşünü keçirəcək. Heybətulla Hacəliyev (64 kq) Almaniyanı təmsil edən Artyom Arutunyanla üz-üzə gələcək.
