9 dekabr 2012 11:58
Azərbaycan Rusiyada ikinci oldu
Rusiyanın Samara şəhərində dünya çempionu, üçqat Avropa çempionu Vasili Şışovun şərəfinə həsr olunmuş boks üzrə beynəlxalq turnir keçirilib. Azerisport.az xəbər verir ki, turnirdə Rusiya, Azərbaycan, Çin, Özbəkistan, Qazaxıstan, Belarus və Ermənistan idmançıları çıxış ediblər.
Yarışda ölkəmizi məşqçi Rəhim Allahverdiyevin rəhbərliyi altında “Qızıl Əlcək” idman klubunun üzvləri – Şaban Şahpələngov (60 kq), Tapdıq Bayramov (64 kq), Elnur Süleymanov (69 kq) və Araz İmaməliyev (49 kq) təmsil ediblər.
Komandamız Vətənə 3 qızıl və 1 bürünc medalla dönüb. Ş.Şahpələngov, T.Bayramov və A.İmaməliyev bütün döyüşlərini qələbə ilə başa vuraraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. E.Süleymanov isə bürünc medalla kifayətlənib.
Medalların sayına görə, komandamız Rusiyadan sonra ikinci yeri tutub. Qeyd edək ki, yarışda ölkəmizi hakim kimi Ceyhun Qədirli təmsil edib.
